image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1692263671_merlin_195176331_60e74c25-2175-490f-8a10-1cf8911f90fb-superjumbo-810x540

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamə

image-legitimaz-810x90

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamə

Azərbaycanın ərazi bütövlüyünə qarşı Ermənistanın həyata keçirdiyi hərbi təcavüz beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması ilə müşayiət olunmuşdur. Ağdamın işğalı isə bu təcavüzün ən ağır nəticələrindən biri olmaqla yanaşı, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların uzun illər yerinə yetirilməməsinin də bariz nümunəsinə çevrilmişdir.

1993-cü il iyulun 23-də Ağdamın böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamışdı. Hadisələrdən sonra BMT Təhlükəsizlik Şurası iyulun 29-da 853 saylı qətnaməni qəbul etdi. Həmin sənəddə Ağdam rayonunun və Azərbaycanın digər işğal olunmuş ərazilərinin zəbt edilməsi qətiyyətlə pislənilir, işğalçı qüvvələrin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu.

Bu qətnamə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasının və işğalın yolverilməzliyinin mühüm hüquqi təsdiqlərindən biri idi. Sənəddə, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması, humanitar hüquq normalarına riayət edilməsi və münaqişənin sülh yolu ilə həlli istiqamətində addımların atılması məsələləri diqqətə çatdırılırdı.

ATƏT-in Minsk prosesi çərçivəsində də Ermənistanın hərbi əməliyyatları pislənilmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırışlar edilmişdi. Lakin beynəlxalq qərarların mövcudluğuna baxmayaraq, Ermənistan uzun illər bu tələbləri yerinə yetirməkdən yayınmış, işğal siyasətini davam etdirmişdir. Ağdamın işğalı və digər Azərbaycan ərazilərinin zəbt edilməsi beynəlxalq hüququn prinsiplərinə zidd olaraq uzun müddət davam etmişdir. Bu müddət ərzində yüz minlərlə azərbaycanlı öz doğma yurduna qayıtmaq hüququndan məhrum edilmiş, şəhər və kəndlər dağıdılmış, mülki əhaliyə qarşı ağır cinayətlər törədilmişdir. Azərbaycan dövləti bütün bu illər ərzində problemin beynəlxalq hüquq normaları əsasında həllinə çalışmış, diplomatik müstəvidə ardıcıl fəaliyyət göstərmişdir. Lakin beynəlxalq mexanizmlərin nəticə verməməsi və qətnamələrin icrasız qalması münaqişənin həlli üçün daha təsirli addımların zəruriliyini ortaya qoymuşdur.

2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə beynəlxalq hüququn uzun illər təmin edə bilmədiyi ədalətin bərpasını reallaşdırdı. Ağdamın noyabrın 20-də Azərbaycana qaytarılması ilə onun üzərində dövlət suverenliyimiz yenidən təmin olundu. Ağdamın tarixi göstərdi ki, beynəlxalq hüququn prinsipləri yalnız sənədlərdə təsbit olunmaqla kifayətlənməməli, real həyatda da təmin edilməlidir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ağdamın dirçəlişi həmin ədalətin təntənəsidir.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki