Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır.
Azərbaycan ilə Vyetnam arasında münasibətləri yalnız dövlətlərarası görüşlər, imzalanan sənədlər və iqtisadi razılaşmalarla izah etmək düzgün olmazdı. Bu münasibətlərin arxasında xalqları bir-birinə yaxınlaşdıran uzun illərin dostluğu, ortaq xatirələr, təhsil əlaqələri və mədəni əməkdaşlıq dayanır. Məhz bu baxımdan humanitar sahədə görülən işlər iki ölkənin münasibətlərində xüsusi yer tutur.
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu məsələyə geniş yer ayırması təsadüfi deyil. Dövlət başçısı humanitar əməkdaşlığın xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynadığını vurğulayıb. Bu fikir Azərbaycan-Vyetnam münasibətlərinin mahiyyətini aydın ifadə edir. Çünki dövlətlər arasında dostluğun uzunömürlü olması üçün siyasi və iqtisadi əlaqələrlə yanaşı, insanların da bir-birini tanıması və anlaması vacibdir. Azərbaycanla Vyetnam arasında dostluğun tarixi təxminən 70 ilə yaxındır. Bu münasibətlərin təməli 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Daha sonra, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri əlaqələrin inkişafına mühüm töhfə verib. Həmin dövrdən formalaşan dostluq bu gün də müxtəlif sahələrdə özünü göstərir.
Humanitar əməkdaşlığın ən dəyərli tərəflərindən biri insanların həyatına toxunmasıdır. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Fondun dəstəyi ilə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil proqramlarına göstərilən diqqət Azərbaycan xalqının humanist dəyərlərinin beynəlxalq miqyasda təzahürüdür. Məktəb tikmək yalnız bir binanın inşası deyil, uşaqlara təhsil almaq, gələcəyə inamla baxmaq və öz arzularına çatmaq imkanı yaratmaqdır.
2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də bu əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Səfər çərçivəsində Vyetnamın dövlət rəsmiləri, yaradıcı ziyalıları və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyinin göstərilməsi də təhsil sahəsində əməkdaşlığın inkişafına verilən töhfələrdən biridir.
Əsl dostluq məsafə ilə ölçülmür. Onu yaşadan insanların bir-birinə göstərdiyi hörmət, diqqət və xoş niyyətdir. Azərbaycan ilə Vyetnam arasında onilliklər ərzində formalaşmış münasibətlər də məhz bu dəyərlər üzərində qurulub. Bu gün həyata keçirilən humanitar layihələr keçmişdən gələn dostluq ənənələrini gələcəyə daşıyır.
Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq edir ki, xalqlar arasında qurulan mənəvi bağlar dövlətlərarası münasibətlərin ən etibarlı dayaqlarından biridir. Azərbaycan və Vyetnamın humanitar əməkdaşlığı da bu baxımdan yalnız bugünkü əlaqələrin deyil, gələcək nəsillərin dostluğunun möhkəm təməlidir.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov






















