image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə

image-legitimaz-810x90

Demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə.

Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyi və cəmiyyətdaxili həmrəyliyi təkcə iqtisadi göstəricilərlə deyil, həm də ölkədə formalaşmış siyasi sistemin yetkinliyi və demokratik siyasi mədəniyyətin səviyyəsi ilə ölçülür. Müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna nəzər saldıqda görürük ki, dövlət quruculuğu prosesinin bütün mərhələlərində demokratik dəyərlərin bərqərar olması, plüralizmin qorunması və vətəndaş cəmiyyəti institutlarının təşəkkülü əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Xüsusilə son dövrlərdə ölkədə həyata keçirilən dərin struktur və idarəetmə islahatları, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, eləcə də siyasi münasibətlər sistemində yeni yanaşmaların tətbiqi ölkəmizdə demokratik siyasi mədəniyyətin inkişafında tamamilə yeni və keyfiyyətcə fərqli bir səhifə açmışdır.Bu yeni mərhələnin ən mühüm və səciyyəvi xüsusiyyəti ölkədə sağlam siyasi dialoq mühitinin formalaşması və ümummilli məsələlər ətrafında siyasi həmrəyliyin təmin edilməsidir. Uzun illər ərzində müxtəlif siyasi qüvvələr arasında mövcud olmuş qarşıdurma, inamsızlıq və radikal mövqelər artıq yerini sivil müzakirələrə, qarşılıqlı hörmətə və konstruktiv əməkdaşlığa vermişdir. Dövlət başçısının təşəbbüsü ilə başlanan siyasi dialoq prosesi ölkədə fəaliyyət göstərən bütün sağlam siyasi partiyaların, ictimai birliklərin və vətəndaş cəmiyyəti nümayəndələrinin vahid masa arxasında birləşməsinə, dövlət və cəmiyyət üçün taleyüklü əhəmiyyət kəsb edən məsələlərin birgə müzakirə olunmasına geniş imkanlar yaratmışdır. Bu təşəbbüs sübut etdi ki, siyasi baxışların və ideoloji platformaların fərqli olmasına baxmayaraq, söhbət dövlət müstəqilliyindən, suverenlikdən və milli maraqlardan getdikdə cəmiyyətin bütün siyasi spektrinin vahid mövqedən çıxış etməsi mümkündür və zəruridir.Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycanın siyasi sistemində müşahidə olunan ümummilli birlik demokratik siyasi mədəniyyətimizin nə qədər yetkinləşdiyini bütün dünyaya nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının ətrafında sıx birləşərək birgə bəyanatlarla çıxış etməsi, informasiya müharizəsində vahid cəbhədən mübarizə aparması və milli iradənin təntənəsinə töhfə verməsi müasir siyasi tariximizin nadir hadisələrindən biridir. Bu həmrəylik onu göstərdi ki, Azərbaycanda siyasi rəqabət artıq düşmənçilik və dövlət maraqlarına zərbə vurmaq müstəvisindən çıxaraq sivil, demokratik və milli məsuliyyətə əsaslanan yeni bir mədəniyyət səviyyəsinə yüksəlmişdir.Demokratik siyasi mədəniyyətin inkişafında açılan bu yeni səhifənin digər mühüm istiqaməti qanunvericilik bazasının təkmilləşdirilməsi və siyasi institutların fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılmasıdır. Ölkədə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi partiya quruculuğu prosesində şəffaflığın artırılmasına, siyasi təşkilatların cəmiyyətdəki real sosial bazasının möhkəmlənməsinə və çoxpartiyalı sistemin daha səmərəli işləməsinə xidmət edir. Eyni zamanda, parlamentin və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində müxtəlif siyasi qüvvələrin təmsil olunması, komitə rəhbərliklərində və rəyasət heyətində müxalifət nümayəndələrinin yer alması ölkədə demokratik idarəetmə prinsiplərinin dərinləşdiyini əyani şəkildə təsdiqləyir. Bu addımlar qərarların qəbulu prosesində plüralizmin təmin olunmasına, fərqli fikirlərin eşidilməsinə və cəmiyyətin bütün təbəqələrinin maraqlarının nəzərə alınmasına mühüm töhfə verir.Müasir informasiya cəmiyyəti şəraitində söz və mətbuat azadlığının təmin edilməsi, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların siyasi proseslərdə fəal iştirakının təşviqi də demokratik mədəniyyətin ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları ilə vətəndaşlar arasında birbaşa ünsiyyət kanallarının genişləndirilməsi, elektron hökumət xidmətlərinin tətbiqi və ictimai şuraların fəaliyyətinin dəstəklənməsi idarəetmədə açıqlığı təmin edir və cəmiyyətin dövlətə olan etimadını daha da möhkəmləndirir. Xüsusilə gənc nəslin siyasi proseslərə cəlb olunması, onların dövlət idarəçiliyində irəli çəkilməsi və gənclər arasında demokratik dəyərlərin, vətənpərvərlik ruhunun və siyasi şüurun inkişaf etdirilməsi ölkəmizin gələcək siyasi arxitekturasının sağlam təməllər üzərində qurulmasına zəmin yaradır.Beləliklə, müasir Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya və qarşılıqlı etimada əsaslanan siyasi dialoq mühiti ölkəmizin demokratik inkişaf yolunda mühüm nailiyyətdir. Siyasi mədəniyyətdə baş verən bu keyfiyyət dəyişikliyi cəmiyyətin daxili potensialını səfərbər etməyə, dövlət müstəqilliyini daha da gücləndirməyə və qarşıda duran böyük quruculuq hədəflərinə uğurla çatmağa imkan verir. Milli həmrəylik, qanunun aliliyi və sivil siyasi rəqabət prinsiplərinə söykənən bu yeni mərhələ Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə müasir, demokratik və dinamik inkişaf edən dövlət kimi nüfuzunu daha da möhkəmləndirməkdə davam edir.

 

 

 

Zərdab Gənclər evinin dərnək rəhbəri-Sevil Mecidli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki