image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyəti

image-legitimaz-810x90

Bölgənin tarixi, elmi-arxeoloji əhəmiyyəti

Ağdam rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi zəngin tarixi-mədəni irsə və mühüm elmi-arxeoloji əhəmiyyətə malikdir. XX əsrin 50-ci illərindən etibarən rayon ərazisində aparılan arxeoloji tədqiqatlar bu bölgənin qədim insanların məskunlaşdığı ərazilər sırasında olduğunu üzə çıxarmışdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Ağdam ərazisində ilkin insan məskənlərinin tarixi minilliklər əvvələ gedib çıxır və bölgə Azərbaycanın qədim sivilizasiya tarixinin öyrənilməsində mühüm yer tutur. Arxeoloji materiallar Ağdam ərazisində insanların hələ Eneolit dövründə, təxminən e.ə. VI–IV minilliklərdə məskunlaşdığını göstərir. Bu dövr insan cəmiyyətinin inkişafında mühüm mərhələ olmaqla, ibtidai təsərrüfat formalarının genişlənməsi, əkinçilik və maldarlığın inkişafı, oturaq həyat tərzinə keçidin sürətlənməsi ilə səciyyələnir. Əldə olunan maddi-mədəniyyət nümunələri bölgə əhalisinin həmin dövrdə artıq müəyyən təsərrüfat və məişət ənənələrinə yiyələndiyini təsdiqləyir. Rayon ərazisində aparılan qazıntılar zamanı aşkar edilmiş taxıl və üzüm qalıqları qədim əhalinin təsərrüfat fəaliyyətinin xarakterini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tapıntılar ərazidə əkinçilik ənənələrinin mövcudluğunu, üzümçülüyün ilkin inkişaf mərhələlərini və insanların təbii-coğrafi şəraitdən səmərəli istifadə bacarıqlarını nümayiş etdirir. Eyni zamanda, əldə olunan arxeoloji materiallar bölgədə oturaq həyat tərzinin formalaşması və istehsal münasibətlərinin inkişafı haqqında elmi təsəvvürləri genişləndirir.

Ağdamın elmi-arxeoloji əhəmiyyətindən bəhs edərkən Üzərriktəpə abidəsinin xüsusi qeyd edilməsi zəruridir. Burada aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkarlanan yaşayış və təsərrüfat qalıqları, məişət əşyaları və digər maddi-mədəniyyət nümunələri qədim əhalinin sosial-iqtisadi həyatının, məskunlaşma xüsusiyyətlərinin və mədəni inkişaf səviyyəsinin öyrənilməsi üçün mühüm mənbə hesab olunur. Üzərriktəpədə aşkar edilmiş arxeoloji materiallar bu ərazinin yalnız adi yaşayış məskəni olmadığını, həm də müəyyən ictimai və təsərrüfat funksiyalarını özündə birləşdirən inkişaf etmiş məskunlaşma mərkəzi olduğunu göstərir. Arxeoloqların tədqiqat nəticələrinə əsaslanan elmi qənaətlərində abidə Qafqazın erkən şəhər tipli yaşayış məskənlərinin öyrənilməsi baxımından mühüm mövqedə qiymətləndirilir. Bu xüsusiyyət Üzərriktəpənin Azərbaycanın qədim şəhərsalma və məskunlaşma tarixinin tədqiqində əhəmiyyətini artırır. Bölgədə aşkar edilmiş maddi-mədəniyyət nümunələri qədim insanların istehsal fəaliyyəti, əmək alətlərindən istifadə bacarıqları, məişət mədəniyyəti və ətraf mühitlə qarşılıqlı münasibətləri haqqında mühüm məlumatlar verir. Bu tapıntıların elmi təhlili Ağdam ərazisində tarixən mövcud olmuş təsərrüfat sistemlərinin və sosial münasibətlərin inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan yaradır.

Ağdamın arxeoloji irsi Azərbaycanın qədim tarixinin regional miqyasda araşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Rayon ərazisində qeydə alınmış qədim yaşayış yerləri və arxeoloji abidələr Qarabağın tarixən məskunlaşmış, iqtisadi və mədəni həyatın inkişaf etdiyi ərazilərdən biri olduğunu göstərən mühüm elmi mənbələrdir. Bu abidələrin tədqiqi Azərbaycanın qədim tarixinin bütöv və ardıcıl şəkildə öyrənilməsinə töhfə verir.

Bununla yanaşı, Ağdamın tarixi-arxeoloji irsi bölgənin qədim əhali qruplarının həyat tərzinin, mədəni əlaqələrinin və təsərrüfat ənənələrinin müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır. Arxeoloji tədqiqatların nəticələrinin digər tarixi mənbələrlə müqayisəli təhlili Qarabağın qədim dövrlərdən başlayaraq keçdiyi tarixi inkişaf yolunun daha dolğun mənzərəsini formalaşdırmağa xidmət edir. Ağdam ərazisində yerləşən arxeoloji abidələrin qorunması, sistemli şəkildə öyrənilməsi və elmi dövriyyəyə daxil edilməsi milli tarixi-mədəni irsin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar yalnız keçmişin öyrənilməsinə deyil, həm də qədim yaşayış məskənlərinin tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki