image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1793081312122445877_1200x630

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı, fərqli mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi ölkələrdən biri olub

image-legitimaz-810x90

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı, fərqli mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi ölkələrdən biri olub

 

Müasir dünyada xalqlar və dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsi, fərqli mədəniyyətlərin bir-birini daha yaxşı tanıması və qarşılıqlı hörmətin qorunması böyük əhəmiyyət daşıyır. Bu gün dünyada baş verən münaqişələr, dini və milli zəmində yaranan anlaşılmazlıqlar, ayrı-seçkilik və dözümsüzlük kimi problemlər göstərir ki, insanlar arasında dialoqun qurulmasına hər zamankından daha çox ehtiyac var. Belə bir şəraitdə müxtəlif xalqların nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məqsədə xidmət edən mühüm beynəlxalq platformalardan biridir.

Son illər ərzində Forum sözün əsl mənasında effektiv və inklüziv platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə, həmçinin təhsil, elm, din, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib. Bu tədbir müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, alimləri, ziyalıları, din xadimlərini, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir. Forumun əsas üstünlüklərindən biri də odur ki, burada fərqli düşüncələrə, inanclara və mədəniyyətlərə malik insanlar ortaq məsələləri müzakirə etmək, bir-birini dinləmək və ümumi həll yolları tapmaq imkanı əldə edirlər.

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı, fərqli mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi ölkələrdən biri olub. Ölkəmizin coğrafi mövqeyi, tarixi əlaqələri və zəngin mədəni irsi Şərqlə Qərb arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu xüsusiyyətlər müasir dövrdə də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir. Forumun əsası 2011-ci ildə qoyulub. Həmin vaxtdan etibarən Bakıda keçirilən tədbir müxtəlif ölkələrin və beynəlxalq qurumların diqqətini cəlb edərək qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.

Forumun təşkilində Azərbaycanın təşəbbüsü ilə yanaşı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq mühüm rol oynayıb. Bu əməkdaşlıq Forumun beynəlxalq əhatəsinin genişlənməsinə, müxtəlif ölkələrdən daha çox iştirakçının tədbirə cəlb olunmasına şərait yaradıb.

Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində dialoqa, qarşılıqlı hörmətə və əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Forum vasitəsilə Azərbaycan yalnız öz mədəniyyətini və tarixi irsini tanıtmır, eyni zamanda dünya ictimaiyyətinin diqqətini mədəni müxtəlifliyin qorunmasının vacibliyinə yönəldir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki