Ağdam – Qafqazın Xirosiması
Bir zamanlar Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın işğaldan sonra düşdüyü vəziyyət insanlığa qarşı törədilmiş vandalizmin ən ağır nümunələrindən biri kimi tarixə düşüb. Şəhərin böyük hissəsinin tamamilə dağıdılması onun “Qafqazın Xirosiması” adlandırılmasına səbəb olub. Bu ifadə Ağdamın məruz qaldığı dağıntıların miqyasını və işğalın acı nəticələrini bütün dünyaya çatdıran simvolik qiymətləndirməyə çevrilib.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdamda yaşayış binaları, inzibati obyektlər, məktəblər, mədəniyyət müəssisələri, sənaye obyektləri və tarixi abidələr məhv edilib. Vaxtilə insanların yaşadığı, işlədiyi, təhsil aldığı və mədəni həyat keçirdiyi şəhər xarabalığa çevrilib. Küçələrdə həyat dayanıb, şəhərin memarlıq siması dağıdılıb.
Xüsusilə tarixi və dini abidələrə qarşı törədilən vandalizm Azərbaycan xalqının mədəni irsinə vurulan ağır zərbə idi. Ağdam Cümə məscidinin işğal dövründə yararsız vəziyyətə salınması, dini məkanların təhqir olunması və digər tarixi obyektlərin dağıdılması işğalçılığın mənəvi tərəfini də üzə çıxarırdı.
Şəhərin simvollarından sayılan Ağdam Çörək Muzeyinin məhv edilməsi isə mədəni irsimizin itkilərinin ən ağrılı nümunələrindən biridir. Bu muzey xalqımızın qədim çörəkçilik ənənələrini, əmək tarixini və məişət mədəniyyətini özündə əks etdirən nadir məkan idi. İşğal dövründə təkcə tikililər deyil, bütöv bir şəhərin sosial və mədəni həyatı da məhv edilmişdi. Ağdamlılar doğma evlərindən didərgin salınmış, illərlə yaratdıqları maddi sərvətlərdən məhrum edilmişdilər. Şəhərin xarabalıqları həm də yüz minlərlə insanın pozulmuş həyatının, yarımçıq qalmış arzularının və doğma yurda həsrətinin ifadəsinə çevrilmişdi.
2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə Ağdamın taleyində yeni səhifə açdı. Noyabrın 20-də şəhərin və rayonun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması ilə milli ədalət bərpa olundu. Prezident İlham Əliyev Ağdamın gələcək taleyinə münasibət bildirərkən şəhərin və bütün kəndlərin yenidən qurulacağını qətiyyətlə bəyan etdi. Bu gün həmin siyasi iradə konkret quruculuq layihələri ilə həyata keçirilir.
Ağdamın müasir şəhər kimi yenidən qurulması, tarixi-mədəni abidələrinin qorunması, infrastrukturunun bərpası və sakinlərinin doğma yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu mühüm vəzifələrdəndir. Ağdamın xarabalıqlardan dirçəlişə doğru uzanan yolu bütün dünyaya mühüm həqiqəti göstərir: dağıntılar bir şəhərin fiziki görünüşünü dəyişə bilər, lakin xalqın tarixi yaddaşını və torpağına bağlılığını məhv edə bilməz. Bu gün Ağdam erməni vandalizminin şahidi olmaqla yanaşı, Azərbaycan xalqının yenilməz iradəsinin və quruculuq əzminin də rəmzinə çevrilir.
Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini






















