image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

image-legitimaz-810x90

“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

 

 

Ağdam rayonunun işğaldan azad edilməsindən sonra bölgənin sosial-iqtisadi potensialının bərpası, şəhərsalma mühitinin yenidən qurulması və müasir urbanizasiya prinsipləri əsasında inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Baş plan işğaldan azad edilmiş ərazilər arasında təsdiqlənən ilk şəhərsalma sənədi kimi Ağdamın gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir. Baş planın əsas məqsədi Ağdam şəhərinin tarixi-mədəni xüsusiyyətləri qorunmaqla müasir, dayanıqlı və innovativ şəhər modelinin formalaşdırılmasıdır. Sənəddə şəhərin yaşayış məhəllələrinin, ictimai məkanlarının, sosial obyektlərinin, nəqliyyat-kommunikasiya şəbəkəsinin və mühəndis infrastrukturunun kompleks şəkildə inkişafı nəzərdə tutulmuşdur. Bu yanaşma Ağdamın yalnız yaşayış məntəqəsi kimi deyil, həm də gələcəkdə mühüm iqtisadi, sosial və mədəni mərkəz kimi formalaşmasına xidmət edir.

Baş plana əsasən, Ağdam şəhərinin gələcəkdə işğaldan azad edilmiş ərazilərin ən böyük şəhərinə, ümumilikdə isə Azərbaycanın dördüncü böyük şəhərinə çevrilməsi nəzərdə tutulur. Layihənin uzunmüddətli hədəflərindən biri şəhər əhalisinin sayının 100 min nəfərə çatdırılmasıdır. Bu göstərici Ağdamın demoqrafik potensialının bərpası, yeni yaşayış məhəllələrinin yaradılması və şəhərin regional inkişaf mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Baş plan çərçivəsində şəhərin yaşayış və ictimai zonalarının müasir tələblərə uyğun təşkili, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət məkanlarının yaradılması nəzərdə tutulur. Eyni zamanda, piyada və velosiped yollarının salınması, yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və enerjiyə qənaət edən texnologiyaların tətbiqi şəhərsalma siyasətinin əsas istiqamətlərindəndir. Bu tədbirlər Ağdamın sakinlər üçün əlverişli və təhlükəsiz yaşayış mühitinə çevrilməsinə yönəlmişdir. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdamda da genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirilir. Uzun illər dağıntılara məruz qalmış şəhərin yerində müasir memarlıq prinsipləri əsasında yeni urbanistik mühit formalaşdırılır. Xarabalıqlar üzərində yenidən qurulan Ağdam Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf strategiyasının mühüm nümunələrindən birinə çevrilir.

“Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhərinin və rayonun kəndlərinin yenidən qurulması, yaşayış evlərinin inşası, sosial infrastrukturun yaradılması və kommunal xidmətlərin bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, avtomobil yollarının çəkilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, elektrik, qaz, su və digər kommunikasiya sistemlərinin qurulması ərazinin dayanıqlı inkişafı üçün zəruri şərait yaradır. Ağdamın iqtisadi potensialının bərpası Baş planın mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə yeni istehsal müəssisələrinin yaradılması, sənaye və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı imkanlarından səmərəli istifadə olunması nəzərdə tutulur. Ağdam Sənaye Parkının fəaliyyəti də rayonun iqtisadi dirçəlişində, yeni iş yerlərinin yaradılmasında və yerli istehsal imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

 

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki