Şanlı zəfərimizin əbədiləşdirilməsi
Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki tarixlə məhdudlaşmır. Bu günlər xalqın mübarizə əzmini, dövlətin qüdrətini və tarixi ədalətin bərpasını özündə əks etdirir. 20 Noyabr – Ağdam şəhəri günü də məhz belə əlamətdar tarixlərdən biridir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam uzun illər doğma sakinlərinin qayıdışını gözlədi. Şəhərin dağıdılması, mədəni irsin məhv edilməsi, insanların öz evlərindən didərgin salınması Ağdamı Azərbaycan xalqının yaddaşında ağrılı bir simvola çevirmişdi. Lakin xalqımız doğma torpaqlara qayıdış inamını itirmədi. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə isə bu mübarizənin nəticəsini müəyyənləşdirdi.
Noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması ilə 27 illik həsrətə son qoyuldu. Bu hadisə yalnız bir rayonun azadlığı deyil, həm də dövlət suverenliyimizin bərpası yolunda mühüm tarixi mərhələ idi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Zəfər tariximizin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilmişdir. Bu qərar Ağdamın azadlığının dövlət səviyyəsində əbədiləşdirilməsi, gələcək nəsillərin bu tarixi hadisə haqqında məlumatlandırılması və milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Şəhər günlərinin təsis edilməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Artıq bu tarixlər yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş quruculuq və inkişaf strategiyasının ifadəsidir. Bu gün Ağdamda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Müasir şəhərsalma layihələri, yeni yollar, yaşayış məhəllələri, sosial obyektlər və sənaye infrastrukturu qədim şəhərin simasını dəyişir. Böyük Qayıdış proqramı çərçivəsində insanların doğma yurdlarına dönməsi isə bu prosesin ən mühüm mənəvi nəticəsidir.
20 Noyabr xalqımız üçün həm tarixi Zəfərin, həm də yenidən doğulan Ağdamın rəmzidir. Bu gün biz yalnız torpaqlarımızın azad edilməsini deyil, həm də həmin torpaqlarda həyatın yenidən bərpasını qeyd edirik. Ağdamın dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli iradəsinin təntənəsidir.
Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini






















