image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-dea9ddb2162118022373095250710821794

“Ağdam” etimologiyası barədə

image-legitimaz-810x90

“Ağdam” etimologiyası barədə

Azərbaycanın hər bir bölgəsi özünəməxsus tarixi, mədəniyyəti, adət-ənənələri və coğrafi xüsusiyyətləri ilə milli kimliyimizin ayrılmaz hissəsini təşkil edir. Qarabağın mərkəzində yerləşən Ağdam da belə qədim yaşayış məskənlərimizdən biridir. Bu şəhərin adı, tarixi və formalaşma mərhələləri xalqımızın keçmişi, dövlətçilik ənənələri və Qarabağın zəngin mədəni irsi ilə sıx bağlıdır.

Ağdam adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ən çox istinad edilən izahlardan birinə görə, qədim türk dilində bu söz “kiçik qala” mənasını ifadə edir. Digər izaha əsasən, “Ağdam” adı ağ daşdan tikilmiş, günəş şüaları altında parlayan işıqlı ev anlayışı ilə əlaqələndirilir. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi ilə bağlı məlumatlar da bu izahın tarixi əsaslarından biri kimi göstərilir. Həmin tikili ətraf ərazilərdə yaşayan insanlar üçün istiqamət müəyyənləşdirən mühüm nişanəyə çevrilmişdi.

1930-cu ildə rayon statusu alan Ağdam Azərbaycanın qədim və zəngin təbiətə malik bölgələrindən biridir. Ümumi sahəsi 1094 kvadratkilometr olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları və təbii sərvətləri Ağdamı tarixən mühüm yaşayış və təsərrüfat mərkəzlərindən birinə çevirib.

Ağdamın adı yalnız coğrafi məkan kimi deyil, həm də qədim sivilizasiya izlərini qoruyan tarixi ərazi kimi diqqəti cəlb edir. Burada aparılmış arxeoloji tədqiqatlar bölgənin minilliklər boyu insanların yaşayış məskəni olduğunu sübut edən mühüm maddi-mədəniyyət nümunələrini üzə çıxarıb. Üzərriktəpə ərazisində aşkar edilmiş tapıntılar qədim əhalinin əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olduğunu, oturaq həyat tərzi keçirdiyini göstərir. Taxıl və üzüm qalıqları isə bu torpaqlarda qədim təsərrüfat mədəniyyətinin inkişaf etdiyini təsdiqləyir.

Bütün bunlar Ağdamın tarixinin sadəcə bir neçə əsrlə məhdudlaşmadığını, onun köklərinin uzaq keçmişə gedib çıxdığını göstərir. Bu torpaqlar müxtəlif dövrlərdə mədəniyyətlərin, yaşayış ənənələrinin və ictimai münasibətlərin formalaşdığı mühüm məkan olub.

Bu gün Ağdam öz tarixi adını, milli kimliyini və mənəvi dəyərlərini qoruyaraq yenidən dirçəlir. Uzun illər işğalın ağır nəticələrinə məruz qalmış şəhərin bərpası təkcə dağıdılmış tikililərin yenidən qurulması deyil, həm də qədim tarixə, zəngin mədəniyyətə və milli yaddaşa sahib olan bir şəhərin həyata qaytarılmasıdır. Ağdamın adı əsrlərdən gələn tariximizin, bu gün isə dövlətimizin gücünün və xalqımızın qurub-yaratmaq əzminin ifadəsidir.

 

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki