Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri
Ağdamın işğalı Azərbaycan xalqının yalnız ərazi itkisi ilə deyil, həm də misilsiz mədəni və mənəvi irsinin məhv edilməsi ilə nəticələndi. Vaxtilə abadlığı, zəngin infrastrukturu, tarixi abidələri və dinamik ictimai həyatı ilə seçilən şəhər Ermənistanın işğalı dövründə sistemli dağıntılara məruz qaldı.
İşğal olunmuş ərazilərdə mülkiyyətin talan edilməsi, yaşayış məntəqələrinin dağıdılması, tarixi və dini abidələrin təhqir olunması beynəlxalq humanitar hüququn fundamental tələblərinə ziddir. Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Ağdamda bu cür əməllərin geniş miqyas alması işğalçılıq siyasətinin mahiyyətini açıq şəkildə nümayiş etdirirdi.
Şəhərin yaşayış binaları, inzibati obyektləri, sənaye müəssisələri və sosial infrastrukturu dağıdılmış, bir zamanlar insanların gündəlik həyatının ayrılmaz hissəsi olan küçələr və meydanlar xarabalığa çevrilmişdi. Ağdamın mədəni irsinin mühüm nümunələri də bu vandalizmdən kənarda qalmamışdı. Xüsusilə məscidlərin və digər dini abidələrin vəziyyəti işğal dövründə törədilən dağıntıların mənəvi tərəfini üzə çıxarırdı. İbadət məkanlarının təhqir edilməsi, tarixi abidələrin baxımsız və dağıdılmış vəziyyətə salınması xalqımızın dini və mədəni dəyərlərinə qarşı hörmətsizliyin təzahürü idi.
Ağdamın tarixi simasını müəyyən edən mühüm obyektlərdən biri olan Çörək Muzeyinin məhv edilməsi də xüsusi təəssüf doğurur. Bu muzey Azərbaycan xalqının qədim çörəkçilik ənənələrini, əmək mədəniyyətini və məişət tarixini əks etdirən nadir məkanlardan biri idi. İşğal nəticəsində Ağdamın coğrafi adlarının dəyişdirilməsi, maddi-mədəniyyət nümunələrinin mənimsənilməsi və yerli əhalinin öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum edilməsi də beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğuran məsələlərdir.
2020-ci ildə Ağdamın işğaldan azad olunmasından sonra şəhərin mənzərəsi Ermənistan vandalizminin miqyasını bütün çılpaqlığı ilə üzə çıxardı. Bir vaxtlar yüz minlərlə insanın yaşadığı, inkişaf etmiş şəhər infrastrukturu ilə seçilən Ağdamın xarabalıqları işğalın və dağıntının canlı sübutuna çevrildi. Lakin Azərbaycan dövləti bu mənzərə ilə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Şəhərin Baş planı hazırlandı, müasir infrastrukturun yaradılması və tarixi-mədəni irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirilməyə başladı.
Ağdamın xarabalıqlardan müasir şəhərə çevrilməsi vandalizmə verilən ən tutarlı cavabdır. Çünki dağıtmaqla bir xalqın tarixini, yaddaşını və gələcəyə inamını məhv etmək mümkün deyil. Ağdam bu gün özünün yeni həyatını yaşayır və xalqımızın quruculuq iradəsinin rəmzinə çevrilir.
Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini


























