Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın inkişafı Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verə bilər
Böyük Britaniya hərbi imkanlarına, müdafiə sənayesinə və müasir texnologiyalarına görə dünyanın aparıcı dövlətlərindən biridir. Bu ölkənin uzun illər ərzində formalaşmış hərbi təcrübəsi və təhlükəsizlik sahəsindəki imkanları Azərbaycan üçün də qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri yaradır. Xüsusilə kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və müdafiə sahəsində müasir biliklərin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Tarixə nəzər saldıqda Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə də müəyyən əlaqələrin olduğunu görmək mümkündür. 1919-cu ilin avqustunda ingilis hərbi qüvvələrinin Azərbaycanı tərk etməsindən sonra ölkəmizin Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması istiqamətində proseslər başlamışdır. Həmin dövrədək Xəzər dənizinin qərb sahillərinin müdafiəsində ingilis hərbi gəmiləri iştirak edirdi. Bu tarixi məqam iki ölkə arasında münasibətlərin yalnız müasir dövrlə məhdudlaşmadığını, müəyyən tarixi əlaqələrə də söykəndiyini göstərir.
Bəyannamənin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın daha da genişləndirilməsidir. Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atır. Bu baxımdan Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi ölkəmiz üçün əlavə imkanlar yarada bilər. İki ölkə arasında ticarətin artırılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, kiçik və orta biznesin dəstəklənməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
Xüsusilə nəqliyyat, logistika, infrastruktur və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizi Şərq ilə Qərb arasında mühüm nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirir. Şərq–Qərb nəqliyyat dəhlizinin və Orta Dəhlizin inkişafında Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdəki rolunu daha da artırır. Bu marşrutlar vasitəsilə yüklərin daşınması, ticarət əlaqələrinin genişlənməsi və müxtəlif ölkələr arasında iqtisadi münasibətlərin möhkəmlənməsi üçün əlverişli şərait yaranır.
Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın inkişafı Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, logistika imkanlarının artırılmasına və beynəlxalq bazarlara çıxışının genişləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, xarici investorların ölkəmizdə yeni layihələrə marağının artması iqtisadi fəallığın yüksəlməsinə və əhalinin məşğulluq imkanlarının genişlənməsinə şərait yarada bilər.
Enerji sahəsi Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın ənənəvi və mühüm istiqamətlərindən biridir. Xüsusilə BP şirkəti ilə uzun illərdir davam edən uğurlu əməkdaşlıq bu münasibətlərin inkişafında xüsusi yer tutur. Bu əməkdaşlıq Azərbaycanın neft və qaz sənayesinin inkişafına, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə və xarici investisiyaların cəlb edilməsinə mühüm töhfələr vermişdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


























