image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17951516675150019317_1200x630

QARŞILIQLI MƏDƏNİ FƏALİYYƏT TƏHSİL ƏLAQƏLƏRİNİ AHƏNGDAR ŞƏKİLDƏ TAMAMLAYIR

image-legitimaz-810x90

QARŞILIQLI MƏDƏNİ FƏALİYYƏT TƏHSİL ƏLAQƏLƏRİNİ AHƏNGDAR ŞƏKİLDƏ TAMAMLAYIR

 

Azərbaycanın dinamik inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi və xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin genişlənməsi ölkəmizin humanitar sahədə də fəal tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan müxtəlif xalqların mədəniyyətlərinin qarşılıqlı tanıdılmasına, elmi və təhsil əlaqələrinin inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Vyetnamla mədəni-humanitar əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir.

Azərbaycan-Vyetnam əlaqələri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, mədəniyyət, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində də ardıcıl inkişaf edir. Xalqların bir-birinin tarixi, milli-mənəvi dəyərləri, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olması qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər çərçivəsində keçirilən mədəni tədbirlər iki ölkənin dostluq əlaqələrinə yeni məzmun qazandırır.

Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə mədəni-humanitar əməkdaşlığın inkişafına toxunması bu istiqamətin ikitərəfli münasibətlərdəki əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlət başçısı qeyd edib: “Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatdı: dördüncü festival ilk dəfə olaraq iki şəhəri — Bakı və Qəbələni əhatə etdi. Digər əhəmiyyətli mədəni hadisə isə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi oldu.”

Bu tədbirlər Azərbaycan cəmiyyətinin Vyetnam mədəniyyətinə marağının artırılması, iki xalq arasında mənəvi yaxınlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Vyetnam ədəbiyyatının Azərbaycan dilində nəşri xalqların bir-birinin ədəbi irsini daha yaxından tanımasına imkan yaradır. Eyni zamanda, Bakı və Qəbələdə keçirilən festivalın coğrafiyasının genişlənməsi mədəni əməkdaşlığın paytaxtla məhdudlaşmadığını, ölkəmizin müxtəlif bölgələrini də əhatə etdiyini göstərir.

Mədəni tədbirlər təhsil əlaqələrinin inkişafı üçün də əlverişli zəmin yaradır. Tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, dil və ədəbiyyatın tədrisi, akademik əməkdaşlıq xalqlar arasında uzunmüddətli münasibətlərin formalaşmasına töhfə verir. Bu baxımdan Azərbaycan-Vyetnam mədəni əlaqələrinin daha da genişləndirilməsi gələcək nəsillərin qarşılıqlı dostluq və əməkdaşlıq ruhunda yetişməsinə xidmət edir.

Mədəniyyət və təhsil sahəsində həyata keçirilən təşəbbüslər Azərbaycan-Vyetnam münasibətlərinin humanitar dayaqlarını möhkəmləndirir. Prezident İlham Əliyevin vurğuladığı bu məqamlar bir daha təsdiqləyir ki, xalqlar arasında dostluğun ən etibarlı təməli qarşılıqlı hörmət, mənəvi yaxınlıq və mədəni dəyərlərin paylaşılmasıdır.

 

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumitəhsil məktəbinin müəllimi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki