10 NOYABR 2020-Cİ İL TARİXLİ BƏYANATIN GÜCÜ – İŞĞALÇI ERMƏNİSTAN QÜVVƏLƏRİNİN AĞDAMDAN ÇIXARILMASI.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində hərbi-siyasi Zəfərin, dövlətimizin qətiyyətli iradəsinin və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin təntənəsini əks etdirən əlamətdar tarixdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına yol açdı, uzun illər işğal altında saxlanılan torpaqlarımızın azad edilməsini təmin etdi. Bu Qələbənin mühüm nəticələrindən biri də Ağdam rayonunun hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması oldu.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsinin hərbi-siyasi nəticələrini təsbit edən mühüm sənəd kimi tarixə düşdü. Sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonundan çıxarılması və rayonun noyabrın 20-də Azərbaycana təhvil verilməsi nəzərdə tutulurdu. Beləliklə, Azərbaycanın hərbi meydanda qazandığı üstünlük diplomatik müstəvidə də konkret nəticələrlə möhkəmləndirildi.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.
Ağdamın azad edilməsi böyük siyasi və strateji əhəmiyyət daşımaqla yanaşı, dövlətimizin gücünün və müdrik diplomatiyasının nümayişi idi. Azərbaycan həm öz ərazi bütövlüyünü təmin etdi, həm də əlavə hərbi qarşıdurmaya və insan itkilərinə yol vermədən rayonun qaytarılmasına nail oldu. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, hərbi və diplomatik strategiyanın və xalqımızın milli birliyinin məntiqi nəticəsi idi.
Uzun illər işğal altında qalan Ağdam düşmən vandalizminin ağır nəticələrinə məruz qalmışdı. Şəhərin infrastrukturu, yaşayış evləri və tarixi-mədəni abidələri dağıdılmış, bir zamanlar həyatın qaynadığı məkan xarabalığa çevrilmişdi. Lakin Azərbaycan dövləti Ağdamın tarixi simasını bərpa etmək, onu müasir şəhərsalma prinsipləri əsasında yenidən qurmaq istiqamətində genişmiqyaslı işlərə başlayıb. Bu gün həyata keçirilən layihələr Böyük Qayıdışın real təcəssümüdür.
20 Noyabr – Ağdam Şəhəri Günü bizə bir daha xatırladır ki, Azərbaycanın gücü yalnız hərbi Qələbəsində deyil, həm də əldə etdiyi tarixi nailiyyətləri sülhə, quruculuğa və davamlı inkişafa çevirmək bacarığındadır. Ağdamın azadlığı dövlətimizin qətiyyətinin, milli birliyimizin və tarixi ədalətin təntənəsidir. Bu şəhər bu gün özünün yeni inkişaf dövrünü yaşayır və Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

























