Xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir.
Xalqları bir-birinə yaxınlaşdıran yalnız coğrafi məsafə və ya dövlətlər arasında qurulan rəsmi münasibətlər deyil. Bəzən bir musiqi əsəri, bir film, bir şeir və ya bir kitab iki xalq arasında uzun illər davam edən dostluğun ifadəsinə çevrilir. Azərbaycan ilə Vyetnam arasında mədəni əlaqələrin tarixi də məhz belə nümunələrlə zəngindir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə xalqlarımız arasında mədəni dialoqun onilliklərdir davam etdiyi xüsusi vurğulanıb. Dövlət başçısının diqqətə çatdırdığı faktlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqdan ibarət deyil. Bu əlaqələrin arxasında musiqi, kino, ədəbiyyat və qarşılıqlı mədəni maraqla formalaşan zəngin bir tarix dayanır. Bu tarixin maraqlı səhifələrindən biri 1955-ci ilə təsadüf edir. Həmin il görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” adlı musiqi əsərini yaradıb. Bu əsər Azərbaycan musiqi sənətinin Vyetnam mövzusu ilə ilk mühüm yaradıcılıq əlaqələrindən biri kimi diqqət çəkir. Musiqi dilinin sərhədləri yoxdur. İnsanlar fərqli dillərdə danışsalar da, musiqi vasitəsilə eyni hissləri yaşaya və bir-birini daha yaxşı anlaya bilirlər.
Azərbaycan-Vyetnam mədəni əlaqələrinin inkişafında kino sənətinin də xüsusi rolu olub. Görkəmli Azərbaycan rejissoru Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnamda yaşayıb və fəaliyyət göstərib. O, bu ölkədə milli kino məktəbinin formalaşmasına kömək edib, yerli rejissor və aktyorların hazırlanmasında iştirak göstərib. Bununla da Azərbaycan kinosunun təcrübəsinin Vyetnamda yayılmasına töhfə verib.
Mədəni dialoqun mühüm istiqamətlərindən biri də ədəbiyyatdır. Kitablar xalqların həyat tərzini, düşüncəsini, sevinc və qayğılarını başqa ölkələrin insanlarına tanıdır. Müsahibədə qeyd olunan digər mühüm hadisə tanınmış vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşr edilməsidir. Bu nəşr Vyetnam ədəbiyyatının Azərbaycan oxucusuna təqdim olunması üçün yeni imkan yaradıb. Şeir vasitəsilə Vyetnam xalqının mənəvi dünyası, duyğuları və həyata baxışı ilə tanış olmaq mümkündür. Son illərdə mədəni əlaqələr daha geniş tədbirlərlə davam etdirilir. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. 2026-cı ildə bu təşəbbüs yeni mərhələyə qədəm qoyaraq dördüncü Vyetnam festivalının ilk dəfə həm Bakıda, həm də Qəbələdə təşkil olunması ilə yadda qalıb. Bu tədbirlər çərçivəsində Vyetnamın milli mədəniyyətinin, adət-ənənələrinin və incəsənətinin Azərbaycan ictimaiyyətinə tanıdılması üçün şərait yaranır.
Bu gün Azərbaycan ilə Vyetnam arasında mədəni əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Birgə film layihələri, kitabların qarşılıqlı tərcüməsi, musiqi festivalları, rəssamların sərgiləri və yaradıcı kollektivlərin səfərləri bu əlaqələri daha da zənginləşdirə bilər. Xüsusilə gənclərin mədəni tədbirlərdə iştirak etməsi gələcəkdə dostluq münasibətlərinin davamlı olmasına kömək edəcək.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru -Sədiyar Xəlilov

























