10 noyabr 2020-ci il tarixli bəyanatın gücü – işğalçı Ermənistan qüvvələrin Ağdamdan çıxarılması
2020-ci il Azərbaycan tarixində milli qürurun, dövlətçilik iradəsinin və hərbi qüdrətin nümayiş olunduğu şanlı bir dövr kimi yadda qaldı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsinə yol açdı. Bu Zəfərin mühüm nəticələrindən biri də Ağdam rayonunun Azərbaycana qaytarılması oldu.
1993-cü il iyulun 23-də işğal edilmiş Ağdam 27 ildən artıq müddətdə doğma sakinlərinin həsrətinə çevrilmişdi. Bir zamanlar inkişaf etmiş şəhər kimi tanınan Ağdam işğal dövründə dağıdılmış, talan edilmiş və xarabalığa çevrilmişdi. Buna baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları qısa müddətdə genişmiqyaslı hərbi əməliyyatlara çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz döyüş meydanında böyük uğurlar əldə edərək işğalçı qüvvələri geri çəkilməyə məcbur etdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanat müharibənin dayandırılması və regionda yeni reallıqların formalaşması baxımından mühüm siyasi sənəd oldu. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycan tərəfinə qaytarılmalı idi. 2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Ağdama daxil olması ilə rayonun işğal altında qalmış əraziləri üzərində dövlət suverenliyimiz bərpa edildi. Bu hadisə hərbi əməliyyatlar nəticəsində əldə edilmiş qələbənin diplomatik müstəvidə də təsdiqlənməsinin mühüm nümunəsi idi.
Ağdamın qaytarılması eyni zamanda böyük insan tələfatının qarşısının alınması baxımından əhəmiyyət daşıyırdı. Ağır döyüşlərin davam etmədən rayonun Azərbaycana təhvil verilməsi həm hərbi, həm də humanitar baxımdan mühüm nəticə idi. Prezident İlham Əliyev Ağdamın azad olunmasını Azərbaycanın tarixi qələbəsinin mühüm tərkib hissəsi kimi qiymətləndirərək şəhərin yenidən qurulacağına, bütün kəndlərin bərpa ediləcəyinə əminliyini ifadə etmişdir.
Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri həmin vədin real nəticələrini nümayiş etdirir. Müasir şəhər infrastrukturu, sənaye və sosial layihələr, yaşayış məhəllələrinin salınması Ağdamın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Ağdamın azad edilməsi Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. 20 Noyabr isə bu tarixi həqiqətin əbədiləşdiyi gün kimi yaddaşlarda yaşayır.
Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini


























