image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e23be167-4883-47e7-9acb-b020e3c7dde0

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Cənab Prezident İlham Əliyevin mühüm mesajları

image-legitimaz-810x90

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Cənab Prezident İlham Əliyevin mühüm mesajları

Cənab Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi geniş müsahibə təkcə iki ölkə arasındakı mövcud münasibətlərin dərin təhlili deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında yeni əməkdaşlıq üfüqlərinin yol xəritəsidir. Azərbaycan və Vyetnamı birləşdirən tellər təxminən yetmişillik zəngin bir tarixə söykənir. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə səkkiz gün davam edən həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə böyük töhfə vermiş və bu gün də bəhrəsini gördüyümüz əməkdaşlığın möhkəm təməlini formalaşdırmışdır. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın xarici siyasət kursu çoxvektorlu olması, bərabərhüquqlu tərəfdaşlığa söykənməsi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanması ilə seçilir. Cənab Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi də ölkəmizin Asiya istiqamətində münasibətlərə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir. Azərbaycanın Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla əlaqələri genişləndirməsi qarşılıqlı maraqlara əsaslanan praqmatik siyasətin məntiqi nəticəsidir. Bu əməkdaşlıq regional və beynəlxalq proseslərdə ortaq mövqelərin uzlaşdırılması üçün də əlverişli zəmin yaradır.
Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri beynəlxalq əməkdaşlığı qarşılıqlı hörmət, suveren bərabərlik və milli maraqların uzlaşdırılması prinsipləri üzərində qurmasıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda Azərbaycanla Vyetnam arasında formalaşmış dialoqun qeyd edilməsi bu baxımdan diqqətəlayiqdir. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə verdiyi önəm siyasi münasibətlərin etibarlı əsasını təşkil edir. Bu yanaşma təkcə ikitərəfli əlaqələrin deyil, çoxtərəfli diplomatik təmasların da səmərəsini artırır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, Vyetnamın isə Asiya məkanında artan siyasi və iqtisadi çəkisi əməkdaşlığın coğrafiyasını genişləndirmək üçün əlverişli zəmin yaradır. Dövlət başçısının müsahibədə müdafiə və kibertəhlükəsizlik sahələrini də tərəfdaşlıq gündəliyində qeyd etməsi münasibətlərin ənənəvi sahələrlə məhdudlaşmadığını göstərir. Müasir dövrdə təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi, rəqəmsal mühitin dövlətlərin dayanıqlığı üçün xüsusi əhəmiyyət qazandığı şəraitdə bu istiqamətlər üzrə təcrübə və bilik mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər. Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri regional maraqları uzlaşdırmaqla yanaşı, qlobal gündəlikdə konstruktiv mövqelərin yaxınlaşmasına da xidmət edə bilər. Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları tarixi həmrəylik bu gün Prezident İlham Əliyevin və Vyetnam rəhbərliyinin praqmatik siyasəti nəticəsində yeni məzmun qazanır. Energetika, yaşıl texnologiyalar və beynəlxalq nəqliyyat dəhlizləri üzrə birləşən maraqlar Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının Avrasiya məkanında nümunəvi əməkdaşlıq modelinə çevrildiyini göstərir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının komendantı
Aqil Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki