RƏSMİ İRƏVANIN TÖRƏTDİYİ MÜHARİBƏ CİNAYƏTLƏRİ.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında həm dərin hüzn, həm də milli qürur hissi ilə əlamətdar olan mühüm gündür. Uzun illər işğal altında qalan Ağdamın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin və milli iradənin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Vaxtilə düşmən tərəfindən viran qoyulan, “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində yenidən dirçəlir.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Ağdam rayonu uzun illər ağır dağıntılara, talanlara və vandalizmə məruz qalıb. İşğal dövründə şəhərin yaşayış binaları, tarixi-mədəni abidələri, dini məkanları, sosial infrastrukturu və digər mülki obyektləri məqsədyönlü şəkildə dağıdılıb. Ağdamın tarixi görkəminin məhv edilməsi, əhalinin doğma yurdlarından didərgin salınması və mülkiyyətin talan olunması Ermənistanın işğalçılıq siyasətinin acı nəticələridir.
Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymaması, xüsusilə mülki əhalinin və mülki obyektlərin qorunmasına dair öhdəlikləri pozması törədilmiş cinayətlərin miqyasını daha da ağırlaşdırır. Bu əməllər yalnız Azərbaycanın maddi və mədəni irsinə qarşı deyil, bütövlükdə beynəlxalq hüququn fundamental prinsiplərinə qarşı yönəlmişdi.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Bu gün Ağdamda aparılan quruculuq işləri dağıntılar üzərində qələbənin, ümidsizlik üzərində inamın təntənəsidir. Yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər və müasir infrastruktur şəhərin gələcək inkişafına xidmət edir. Ağdamın yenidən qurulması həm də işğal dövründə törədilmiş vandalizm aktlarına verilən ən güclü cavabdır.
20 Noyabr – Ağdam Şəhəri Günü bir daha təsdiqləyir ki, heç bir işğal xalqın tarixi yaddaşını, doğma torpağa bağlılığını və ədalətə inamını məhv edə bilməz. Ağdam bu gün azaddır, yenidən qurulur və gələcəyə inamla addımlayır. Onun dirçəlişi Azərbaycanın gücünün, milli birliyinin və tarixi Zəfərinin parlaq təcəssümüdür.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru






















