image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e31fdf21aa9efd8aec72d94268ab5e43

Türkiyə ilə Rusiyanı 13-cü dəfə müharibəyə kimlər təhrik edir?

image-legitimaz-810x90

Ankaranın Estoniyaya F-16 göndərməsi Moskvanı ciddi narahat  edib; iki ölkə arasında savaşlar həm də Balkanlara nəzarət uğrunda  olub 

Türkiyənin beş F-16 qırıcısını Estoniyaya göndərməsi Ankara ilə Moskva arasındakı münasibətlərdə yeni suallar yaradıb. Musavat.com xəbər verir ki, bu barədə “Vzqlyad” nəşri geniş məqalə dərc edib. Türkiyə aviasiyasının Estoniyada yerləşdirilməsi NATO-nun hava məkanının qorunması missiyası çərçivəsində həyata keçirilir. Beş F-16 ilə yanaşı, 76 türk hərbçisi – pilotlar və texniki heyət də Estoniyaya göndərilir. Təyyarələrin avqustdan noyabra qədər burada növbətçilik etməsi nəzərdə tutulur.

Picture background

(FOTO: Amari aviabazası) 

Yazıda qeyd olunur ki, Türkiyənin Baltik regionuna hərbi marağı təkcə F-16-larla başlamayıb. “Bu ilin əvvəlində Türkiyə Hərbi Dəniz Qüvvələri NATO-nun “Steadfast Dart 2026” təlimlərində iştirak edib. Ankara həmin təlimlərə kifayət qədər ciddi hərbi qüvvə göndərib. Türkiyənin ən güclü əməliyyat qruplarından birinin tərkibində 27 min tonluq “TCG Anadolu” universal desant gəmisi də yer alıb. Gəmi “Bayraktar TB3” zərbə dronlarının daşıyıcısı kimi istifadə olunur.Təlimlər zamanı pilotsuz uçuş aparatlarından dəniz hədəflərinə zərbələr endirilməsi və desant çıxarılması üzrə ssenarilər işlənib. Desant təlimlərinin keçirildiyi ərazinin Kalininqrad vilayətinin sahil şəraitinə bənzəməsi isə Moskva üçün ayrıca diqqət çəkən məqamdır. Bu baxımdan Türkiyənin Baltikadakı hərbi fəaliyyətini yalnız NATO öhdəliyi kimi qiymətləndirmək çətindir. Ankara həm hərbi imkanlarını nümayiş etdirir, həm də öz ordusunun NATO-nun mümkün şərq cəbhəsində fəaliyyət qabiliyyətini artırır” deyə, məqalədə bildirilir.
Bildirilir ki, Türkiyə bir tərəfdən Rusiya ilə iqtisadi və enerji əlaqələrini qoruyur, digər tərəfdən isə NATO daxilində öz hərbi və siyasi rolunu artırmağa çalışır. Ankara Rusiyanın S-400 sistemlərinin gələcəyi ilə bağlı ABŞ-la danışıqlar aparır. Türkiyə eyni zamanda F-35 proqramına qayıtmaq istəyir. Bu, Ankaranın xarici siyasətində ciddi dilemma yaradır”.
“Bəs, Türkiyə Rusiyaya qarşı silaha çevirə bilərmi” sualı ətrafında dayanan nəşr hesab edir ki, indi Moskva-Ankara münasibətlərinin ən həssas tərəfi məhz budur. Türkiyə indiyədək Rusiya ilə Qərb arasında balans siyasəti aparmağa çalışıb. Ukrayna müharibəsi zamanı Ankara həm Kiyevə hərbi dəstək verib, həm də Moskva ilə dialoq kanallarını açıq saxlayıb. Türkiyə Rusiya-Ukrayna danışıqları üçün platforma da təqdim edib. Lakin Qərbin Rusiyaya qarşı təzyiqi genişləndikcə Ankara üzərində təzyiqin də artması mümkündür. Türkiyənin Baltikaya döyüş təyyarələri göndərməsi bu baxımdan Moskvaya ciddi siyasi siqnal kimi qəbul edilə bilər. Çünki Baltik regionu NATO ilə Rusiya arasında potensial qarşıdurmanın ən həssas istiqamətlərindən biridir. Əgər NATO-Rusiya qarşıdurması daha da dərinləşərsə, Türkiyənin Alyans qarşısındakı öhdəlikləri ilə Moskva ilə strateji və iqtisadi əlaqələri arasında seçim etmək məcburiyyətində qalması ehtimalı artır. Hərbi ekspert Aleksey Leonkov nəşrə şərhində Baltikyanı ölkələr üzərində səmada patrul xidməti qərarını “Türkiyə ekspansionizminə cəhd” adlandırıb. “Türkiyə NATO-da ikinci ən böyük ordudur. Buna baxmayaraq, Türkiyə vaxtaşırı alyans üzvləri tərəfindən görməzdən gəlinir ki, bu da Rəcəb Tayyib Ərdoğanın çox xoşuna gəlmir. O, hər fürsətdə ölkənin NATO daxilində təsirini artırmağa və təşkilat daxilində əhəmiyyətini nümayiş etdirməyə çalışır”, – deyə ekspert izah edib.

Ekspert Türkiyə hakimiyyətinin Ankarada keçirilən NATO sammiti zamanı verdiyi açıqlamaları xatırladıb. Onlar xüsusilə vurğulayıblar ki, Avropa təhlükəsizliyi yalnız AB-yə aid edilə bilməz, çünki bu, Türkiyənin əsas rol oynadığı daha geniş yanaşma tələb edir: “Bundan əlavə, Ankara SAFE layihəsində (müdafiə investisiyalarını təşviq etmək və AB üzv dövlətlərinə yenidən silahlanma üçün güzəştli kreditlər vermək üçün yaradılan Avropa fondu) iştirak etməkdə maraqlıdır. Bu layihə vasitəsilə Türkiyə Avropa texnologiyasını və silahları üçün lazımi komponentləri əldə etməyə ümid edir”. Ekspertə görə, Türkiyə Rusiya qarşı sərt addımlardan mümkün olduqca çəkinməyə çalışır. “Ankara mümkün olduqda Rusiya əleyhinə sanksiyalardan uzaqlaşır. Türkiyə hətta Rusiya və Ukrayna nümayəndələri arasında görüşlər üçün platforma rolunu oynayıb. Lakin tarix göstərir ki, Qərbin məharətli təzyiqi altında Türkiyə Rusiyaya qarşı daha bir təzyiq aləti olmaq fürsətindən heç vaxt çəkinmir. Əlbəttə ki, Türkiyə Rusiya ilə birbaşa hərbi toqquşma halında Qərbin qələbəsinə inanırsa, Qərb tərəfində belə bir münaqişədə iştirak edəcək. Buna görə də, belə bir münaqişənin mümkünlüyünü gözləyərək, döyüş təyyarələrini Baltikyanı ölkələrə göndərir”.
Türkiyə ilə Rusiya tarix boyu dəfələrlə qarşı-qarşıya gəlib. İki ölkə arasında müharibələr əsasən Qara dəniz, Qafqaz və Balkanlardakı geosiyasi rəqabət üzərində qurulub.
Bu gün isə vəziyyət fərqlidir. Türkiyə NATO üzvüdür, Rusiya isə Alyansın əsas rəqiblərindən biridir. Bu səbəbdən Ankara ilə Moskva arasında birbaşa hərbi qarşıdurma baş verərsə, bu, yalnız iki ölkənin müharibəsi olmayacaq – daha geniş NATO-Rusiya qarşıdurmasının bir hissəsinə çevrilə bilər.

Bəs, Rusiya və Türkiyə 12 dəfə niyə müharibə edib?

Rus-türk müharibələri: 350 illik qarşıdurmanın TARİXİ

Rusiya ilə Osmanlı imperiyası XVI əsrdən XX əsrin əvvəllərinə qədər 12 böyük müharibədə üz-üzə gəlib. Qarşıdurmaların əsas səbəbləri Qara dənizə çıxış, Krım, Qafqaz, Balkanlar və strateji ərazilərə nəzarət uğrunda rəqabət olub.
1. 1568–1570 – Həştərxan uğrunda müharibə
Osmanlıların Həştərxanı ələ keçirmək cəhdi uğursuz oldu. Şəhər Rusiyanın nəzarətində qaldı.
2. 1676–1681 – Ukrayna uğrunda müharibə
Tərəflər Ukrayna ərazilərində nüfuz uğrunda döyüşdü. Baxaçisaray müqaviləsi ilə müvəqqəti razılaşma əldə edildi.
3. 1686–1700 – Azov uğrunda müharibə
Rusiya Azov qalasını ələ keçirərək Qara dənizə çıxış istiqamətində mövqelərini gücləndirdi.
4. 1710–1713 – Prut müharibəsi
Osmanlılar üstün gəldi və Rusiya Azovu geri qaytardı.
5. 1735–1739 – Krım və Qara dəniz uğrunda savaş
Tərəflər Krım və Qara dəniz sahillərində nəzarət uğrunda mübarizə apardı. Belqrad müqaviləsi ilə müharibə başa çatdı.
6. 1768–1774 – Krımın taleyini dəyişən müharibə
Rusiya qalib gəldi. Kiçik Kaynarca müqaviləsindən sonra Krım xanlığı formal müstəqillik qazansa da, Rusiyanın təsir dairəsinə düşdü.
7. 1787–1792 – Qara dənizin şimal sahilləri uğrunda müharibə
Rusiya yeni ərazilər əldə etdi və Yassı müqaviləsi ilə Osmanlı imperiyası bu itkiləri tanıdı.
8. 1806–1812 – Bessarabiya uğrunda müharibə
Buxarest müqaviləsi ilə Bessarabiya Rusiyaya keçdi.
9. 1828–1829 – Qafqaz və Balkanlar uğrunda müharibə
Rusiya üstünlük qazandı və Ədirnə müqaviləsi ilə mövqelərini möhkəmləndirdi.
10. 1853–1856 – Krım müharibəsi
Osmanlı imperiyası Britaniya, Fransa və Sardiniyanın dəstəyi ilə Rusiyaya qarşı vuruşdu. Rusiya məğlub oldu və Qara dənizdə hərbi imkanları məhdudlaşdırıldı.
11. 1877–1878 – Balkanlar uğrunda müharibə
Rusiya Osmanlı imperiyasını məğlub etdi. Balkanlarda yeni siyasi reallıq yarandı, Bolqarıstana muxtariyyət verildi, Rumıniya, Serbiya və Monteneqronun müstəqilliyi tanındı.
12. 1914–1918 – Qafqaz cəbhəsi
Birinci Dünya müharibəsi zamanı Rusiya və Osmanlı imperiyası Qafqazda qarşı-qarşıya gəldi. Rusiyada baş verən inqilablar nəticəsində Rusiya müharibədən çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki