Almaniyada hökumət üzvləri və Bundestaq deputatlarının istifadə etdiyi “iPhone” telefonlarına qarşı kiberhücum təhlükəsi ciddi təhlükəsizlik narahatlığı yaradıb.
Xeberaz.info xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi “Apple” yüksək vəzifəli şəxslərin telefonlarının xüsusi casus proqramları vasitəsilə hədəfə alındığı barədə xəbərdarlıq yayıb.
Almaniyanın ARD telekanalının məlumatına əsasən, oktyabrın 29-dan etibarən bəzi siyasətçilərin telefonlarına casus proqramı ilə hücum təhlükəsi barədə bildirişlər daxil olub.
Almaniyanın rəqəmsal texnologiyalar naziri Karsten Vildberger xəbərdarlıqların alındığını təsdiqləyib.
Məlumata görə, hücumlarda yüksək səviyyəli casus proqramlarından istifadə edilməsi ehtimalı araşdırılır. Belə proqramlar telefonun təhlükəsizlik sistemini keçərək istifadəçinin şəxsi və xidməti məlumatlarına gizli çıxış əldə etmək imkanına malikdir.
Hadisədən sonra Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BSI) təhlükə ilə üzləşən hökumət üzvlərinə və deputatlara rəsmi xəbərdarlıqlar göndərib.
Təhlükəsizlik mütəxəssislərinin məlumatına görə, bu tip casus proqramları telefondakı şəxsi yazışmaları, əlaqə siyahısını, zəng məlumatlarını və istifadəçinin olduğu yeri izləyə bilər.
Daha ciddi təhlükə isə proqramların telefonun mikrofonunu və kamerasını sahibinin xəbəri olmadan işə salmaq imkanına malik olmasıdır. Bu, yüksək vəzifəli siyasətçilərin məxfi danışıqlarının və xidməti məlumatlarının ələ keçirilməsi riskini yaradır.
“Apple”in bu cür xəbərdarlıqları adətən konkret şəxslərə qarşı yönəlmiş yüksək səviyyəli kiberhücum cəhdləri ilə bağlı olur. Şirkət əvvəllər də müxtəlif ölkələrdə siyasətçilərə, jurnalistlərə və ictimai xadimlərə qarşı casus proqramı təhlükəsi barədə bildirişlər göndərib.


























