Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir
Müasir dövrdə dövlətlərin inkişafı yalnız təbii sərvətlər və iqtisadi imkanlarla deyil, həm də insan kapitalı, elmi bilik və təhsil səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan ilə Vyetnam arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət daşıyır.
İki ölkə arasında təhsil əlaqələrinin zəngin tarixi var. Hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onlar burada qazandıqları bilik və peşə təcrübəsini sonradan öz ölkələrinin inkişafına yönəldiblər. Bu məzunlar Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin canlı daşıyıcılarına çevriliblər.
Bu gün həmin ənənələr yeni məzmunla davam etdirilir. Hər iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq müqavilələri və memorandumlar imzalanır, elmi əlaqələrin və akademik mübadilənin genişləndirilməsi istiqamətində tədbirlər görülür.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaratdığı təhsil qrantları proqramı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Vyetnam vətəndaşlarının həmin proqramda iştirak etmək imkanının olması ölkələrimiz arasında təhsil əlaqələrinin daha da dərinləşməsinə şərait yaradır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi dostluğun təhsil müstəvisində yaşadılmasının rəmzi nümunəsidir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə açılan bu otaq görkəmli dövlət xadiminin xatirəsinə ehtiramın ifadəsidir.
Təhsil əməkdaşlığının əsas üstünlüyü onun uzunmüddətli nəticələr verməsidir. Bu gün Azərbaycanda təhsil alan vyetnamlı gənclər sabah öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərərək iki dövlət arasında əlaqələrin inkişafına töhfə verə bilərlər. Eyni zamanda, Azərbaycan gəncləri üçün Vyetnamın elmi və iqtisadi təcrübəsini öyrənmək imkanları genişlənir.
Prezident İlham Əliyevin müsahibəsində təhsil əlaqələrinin tarixi və müasir vəziyyətinə xüsusi diqqət yetirməsi bu sahənin ikitərəfli münasibətlərdəki əhəmiyyətini göstərir. Elm və təhsil əməkdaşlığı Azərbaycan-Vyetnam dostluğunun gələcəyə hesablanmış ən mühüm istiqamətlərindən biridir.
Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini

























