Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
Azərbaycan ilə Türkmənistan arasında münasibətlər son illərdə dinamik inkişafı, qarşılıqlı etimad və strateji tərəfdaşlıq ruhu ilə diqqət çəkir. Xalqlarımızı birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlər dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistanın əməkdaşlığı bu gün siyasi münasibətlərdən iqtisadiyyat, enerji, nəqliyyat, ticarət, humanitar əlaqələr və digər sahələrə qədər genişlənərək yeni məzmun kəsb edir. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında dövlət başçıları arasında siyasi dialoq xüsusi əhəmiyyət daşıyır. Yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinə, mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə və yeni istiqamətlərin formalaşdırılmasına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və fəal xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Türkmənistanla münasibətlərin yüksək səviyyəyə çatdırılması da bu siyasətin mühüm istiqamətlərindən biridir.
Azərbaycan və Türkmənistan arasında siyasi münasibətlər qarşılıqlı hörmət, dostluq və etimad prinsiplərinə əsaslanır. İki ölkə beynəlxalq və regional məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq nümayiş etdirir. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərində müşahidə olunan fəallıq iki ölkənin dövlət başçıları arasında formalaşmış siyasi dialoqun nəticəsidir. Bu dialoq qarşılıqlı maraq doğuran məsələlərin açıq şəkildə müzakirəsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və ikitərəfli əlaqələrin uzunmüddətli perspektivlərinin müəyyən edilməsinə imkan yaradır. Azərbaycan və Türkmənistan arasında imzalanmış çoxsaylı sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib. Müxtəlif sahələri əhatə edən saziş və memorandumlar əməkdaşlığın genişləndirilməsi üçün etibarlı hüquqi zəmin formalaşdırır. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında Xəzər dənizi xüsusi əhəmiyyət daşıyır. İki ölkənin Xəzər dənizinin sahilində yerləşməsi onların nəqliyyat, logistika, enerji və ticarət sahələrində əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Xəzər dənizi artıq yalnız iki ölkəni ayıran coğrafi məkan deyil, Azərbaycan və Türkmənistanı birləşdirən mühüm əməkdaşlıq platformasına çevrilib. Dəniz üzərindən həyata keçirilən yükdaşımaların genişləndirilməsi, liman infrastrukturunun inkişaf etdirilməsi və logistika imkanlarının artırılması iki ölkənin iqtisadi əlaqələrinin daha da güclənməsinə şərait yaradır. Bu baxımdan Azərbaycanın Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu limanlar Xəzər üzərindən Şərq-Qərb istiqamətində yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan-Türkmənistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Türkmənistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat və enerji potensialına malik dövlətlərindən biridir. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı bütövlükdə Xəzər regionunda və Mərkəzi Asiyada əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir. İki ölkə arasında qurulan tərəfdaşlıq regionda nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafına xidmət etməklə yanaşı, iqtisadi təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına da töhfə verir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin son illərdə sürətlə inkişaf etməsi Türkmənistanla münasibətlərə də yeni dinamika qazandırıb. Azərbaycanın region ölkələri ilə fəal əməkdaşlığı və Türkmənistanın regional layihələrdə iştirakı Xəzər hövzəsində yeni iqtisadi imkanların formalaşmasına şərait yaradır.
Şaiq Əliyev- Fəal gənc, Magistr


























