AZƏRBAYCAN–BRİTANİYA TƏRƏFDAŞLIĞI MÖHKƏMLƏNİR
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlər ölkəmizin müstəqillik tarixində mühüm yer tutan beynəlxalq əlaqələrdən biridir. Bu münasibətlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması, iqtisadi potensialının genişləndirilməsi və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İllər ərzində formalaşan Azərbaycan–Böyük Britaniya əlaqələri bu gün artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini aşaraq siyasi, iqtisadi, enerji, təhlükəsizlik, təhsil, mədəniyyət və digər istiqamətləri əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulmuşdur. Bu tarix iki ölkə arasında rəsmi dövlətlərarası münasibətlərin başlanğıcı kimi Azərbaycan diplomatiyasının tarixində mühüm hadisə hesab olunur. Diplomatik əlaqələrin qurulmasından sonra qarşılıqlı siyasi dialoqun inkişaf etdirilməsi, səfirliklərin fəaliyyəti, rəsmi səfərlərin təşkili və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu Öndərin həyata keçirdiyi müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə, ölkəmizin nüfuzunun artmasına və aparıcı dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına mühüm zəmin yaratmışdır.
1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin təmin edilməsinə, dövlət institutlarının möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə diqqət yetirdi. Azərbaycan–Böyük Britaniya münasibətlərinin müasir mərhələsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasətlə sıx bağlıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan beynəlxalq əlaqələrini genişləndirmiş, iqtisadi və siyasi imkanlarını artırmış, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Cənab Prezident İlham Əliyev Böyük Britaniya ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirərək iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Bu siyasətin mühüm istiqamətlərindən biri Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmaması, digər iqtisadi və sosial sahələrdə də genişləndirilməsidir. Müasir dövrdə rəqəmsal iqtisadiyyat, maliyyə xidmətləri, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, səhiyyə və yaşıl enerji sahələri əməkdaşlığın yeni imkanlarını formalaşdırır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu Böyük Britaniya ilə münasibətlərə də müsbət təsir göstərir. Ölkəmizin regional və qlobal təşəbbüslərdə fəal iştirakı, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və müxtəlif dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Azərbaycan-Böyük Britaniya münasibətlərində baş verən bu yeni mərhələ ölkəmizin beynəlxalq tərəfdaşlıq coğrafiyasının genişləndiyini göstərən mühüm diplomatik hadisədir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin daha sistemli şəkildə inkişafına, iqtisadi imkanların genişlənməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə yeni perspektivlər açır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev






















