Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli rəmzlərə, xüsusilə üçrəngli Dövlət Bayrağına ehtiram xüsusi yer tutmuşdur. Ulu Öndər bayrağı xalqın milli kimliyinin, dövlət müstəqilliyinin, suverenliyinin və milli birliyinin təcəssümü kimi qiymətləndirmiş, onun qorunmasını və uca tutulmasını dövlətçilik ənənələrinin mühüm tərkib hissəsi hesab etmişdir. Ümummilli Liderin dövlətçilik konsepsiyasına əsasən, müstəqil Azərbaycanın milli dövlət bayrağı, Dövlət Himni və Dövlət Gerbi ölkəmizin suverenliyini və beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasını təmin edən əsas atributlardır. Azərbaycanın dövlət bayrağının beynəlxalq təşkilatların iqamətgahları qarşısında və dünyanın müxtəlif ölkələrində dalğalanması dövlətimizin beynəlxalq nüfuzunun və müstəqil siyasətinin mühüm göstəricisi kimi dəyərləndirilmişdir.
Ulu Öndərin dövlət rəmzlərinə münasibəti onun bu fikrində aydın ifadəsini tapmışdır: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Bu prinsip dövlət atributlarına ehtiramın yalnız rəsmi mərasimlərlə məhdudlaşmadığını, hər bir vətəndaşın gündəlik həyatında milli dəyərlərə bağlılıq kimi təzahür etməli olduğunu göstərir. Dövlət Bayrağına sevgi və hörmət Vətənə, xalqa və müstəqil dövlətə sədaqətin mühüm mənəvi göstəricisi kimi müəyyən edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli həmrəyliyin və ümumxalq birliyinin qorunması mühüm istiqamətlərdən biri olmuşdur. Üçrəngli Dövlət Bayrağı bütün vətəndaşları vahid milli ideya, ümumi dövlətçilik maraqları və müstəqillik məfkurəsi ətrafında birləşdirən müqəddəs rəmz kimi səciyyələndirilmişdir. Bu baxımdan “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” fikri milli birlik və vətənpərvərlik ideologiyasının əsas prinsiplərini ifadə edir.
Ulu Öndərin dövlət bayrağına verdiyi yüksək dəyər onun hər bir Azərbaycan ailəsinin həyatında xüsusi yer tutması ilə bağlı mövqeyində də öz əksini tapmışdır. “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikri dövlət rəmzlərinə ehtiramın ailə və cəmiyyət mühitində formalaşdırılmasının vacibliyini müəyyən edir. Bu yanaşma milli dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Dövlət Bayrağının yenidən dövlət rəmzi kimi təsdiq edilməsi milli dövlətçilik tariximizin mühüm hadisəsidir. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə ehtiramın, milli müstəqillik ideallarına sədaqətin və tarixi varisliyin bərpasının təzahürü olmuşdur. Sonrakı dövrdə üçrəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi müstəqil dövlət quruculuğunun hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyasında azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və müxtəlif etnik-dini mənsubiyyətə malik vətəndaşların vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi xüsusi əhəmiyyət daşımışdır. Dövlət Bayrağı bu ideologiyanın əsas rəmzlərindən biri kimi ümumi Vətənə bağlılığı, milli özünüdərki və vətəndaş həmrəyliyini təcəssüm etdirir.
Ümummilli Liderin dövlətçilik irsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlət atributlarına hörmətin aşılanması və tarixi yaddaşın qorunması da prioritet istiqamətlərdən olmuşdur. Dövlət Bayrağının tarixinin, rənglərinin ifadə etdiyi mənaların və müstəqillik uğrunda mübarizədəki rolunun təbliği milli kimliyin möhkəmləndirilməsinə xidmət edir. Bu dəyərlərin təhsil müəssisələrində, ailələrdə və ictimai mühitdə yaşadılması dövlətçilik ənənələrinin davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması, üçrəngli Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda ucaldılması Ulu Öndərin dövlətçilik ideallarının reallaşmasının mühüm göstəricilərindəndir. Bayrağımızın Xankəndidə, Şuşada və digər azad edilmiş şəhər və rayonlarımızda dalğalanması milli qürurun, tarixi ədalətin və müstəqil dövlətimizin qüdrətinin təcəssümüdür.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru





















