image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanır – müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

image-legitimaz-810x90

Üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanır – müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan üçrəngli Dövlət Bayrağımızın yenidən rəsmi dövlət rəmzi kimi qəbul edilməsi müstəqilliyimizin bərpasının əsas tarixi hadisələrindən biridir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Bu hüquqi sənəd milli dövlətçilik ənənələrinin davam etdirilməsi, tarixi varisliyin təmin olunması və müstəqil Azərbaycanın dövlət atributlarının rəsmiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır. Dövlət Bayrağımızın bərpası Azərbaycan xalqının milli kimliyinə, tarixi keçmişinə və azadlıq ideallarına bağlılığının təcəssümü olmuşdur. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq milli mənsubiyyətimizi, müasir inkişaf və demokratik dövlətçilik prinsiplərini, mənəvi dəyərlərimizi özündə birləşdirərək müstəqil Azərbaycanın əsas rəmzinə çevrilmişdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Bayrağının dövlət rəmzi kimi təsbit olunması onun hüquqi statusunu daha da möhkəmləndirmiş, dövlət atributlarının konstitusion əsaslarını müəyyən etmişdir.

Müstəqillik illərində Dövlət Bayrağının qorunması, təbliği və dövlətçilik rəmzi kimi nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsi milli rəmzlərimizə ehtiramın və dövlətçilik ənənələrinə bağlılığın ifadəsi olmuşdur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılması da dövlət bayrağımızın milli qürur və suverenlik rəmzi kimi əhəmiyyətini nümayiş etdirmişdir.

Dövlət Bayrağımızın beynəlxalq aləmdə təmsilçiliyi Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin və suveren hüquqlarının mühüm göstəricisidir. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin binalarında, beynəlxalq təşkilatların qərargahlarında və müxtəlif mötəbər tədbirlərdə üçrəngli bayrağımızın dalğalanması dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerini və milli maraqlarını təmsil edir. Bayrağımızın beynəlxalq idman yarışlarında, mədəni tədbirlərdə və digər platformalarda ucaldılması da Azərbaycan xalqının milli birliyini və dövlətinə bağlılığını nümayiş etdirir.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda ucaldılması onun dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün rəmzi kimi daşıdığı mənanı daha da gücləndirmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə Dövlət Bayrağının dalğalanması Azərbaycanın ərazi bütövlüyünün bərpasının, milli iradənin və dövlətçilik tarixinin davamlılığının ifadəsidir. Bu gün həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri fonunda bayrağımızın ucaldılması dövlətimizin suveren hüquqlarının bütün ərazisində təmin olunduğunu nümayiş etdirir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və hüquqi statusunun möhkəmləndirilməsi Azərbaycan xalqının müstəqillik tarixinin mühüm mərhələsini təşkil edir. Onun qorunması, gələcək nəsillərə çatdırılması və dövlətçilik ənənələrimizin ayrılmaz hissəsi kimi təbliği hər bir vətəndaşın mənəvi və vətəndaşlıq məsuliyyətidir. Dövlət Bayrağımız milli kimliyimizi, tarixi yaddaşımızı və müstəqil dövlət quruculuğu iradəmizi özündə birləşdirən müqəddəs dövlət atributudur. Bu gün Azərbaycan Bayrağı ölkəmizin bütün ərazisində, beynəlxalq təşkilatlarda və dünyanın müxtəlif ölkələrində müstəqil dövlətimizin təmsilçisi kimi dalğalanır. Üçrəngli bayrağımızın mavi səmalarda əzəmətlə dalğalanması xalqımızın milli birliyinin, dövlət müstəqilliyinin, suverenliyinin və tarixi dövlətçilik irsinə sədaqətinin ifadəsidir. Onun ucalığı müstəqil Azərbaycanın bugünkü reallıqlarını və gələcək inkişaf hədəflərini təcəssüm etdirir.

 

Ramiz Sərdarzadə- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki