Ölkənin konstitusiya quruluşunun tarixi
Konstitusiya (lat. Constitutio – “quruluş”) – ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktıdır, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.
Azərbaycan xalqı hələ XX əsrin əvvəllərində öz suverenliyini əldə etmiş, müstəqil dövlət qurmuş, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək üçün özünün müstəqil konstitusiyasının qəbul edilməsi yolunda inadlı mübarizə aparmışdır. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikasında konstitusiya deyil, konstitusion aktlar mövcud olmuşdur. Belə ki, bu dövlət mövcud olduğu dövrdə konstitusiya xarakteri daşıyan aktlar qəbul etmiş və onların əsasında fəaliyyət göstərmişdir. Bu aktlara misal olaraq, Azərbaycanın dövlət müstəqilliyi haqqında 1919-cu ildə qəbul olunmuş Konstitusiya Aktını, Azərbaycan Demokratik Respublikasının Hökuməti haqqında, Azərbaycan Demokratik Respublikasının Parlamenti haqqında və s. Qanunları göstərmək olar.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdır. 1921-ci il mayın 19-da I Ümum-azərbaycan Sovetlər Qurultayında Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Bolşevik rejimi tərəfindən qəbul edilməsinə baxmayaraq ilk konstitusiyanın qəbul edilməsi Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə idi. Hüquq və azadlıqlara dair Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasında xüsusi bölmə və yaxud fəsil nəzərdə tutulmamışdır. Belə müddəalar bu Konstitusiyanın “Ümumi müddəalar” adlanan birinci bölməsində təsbit edilmişdir. Konstitusiyanın 1-ci maddə-sində “Azərbaycan Sovet Sosialist Respublikasının vəzifəsi burjuaziya sinfinin məhv edilməsi məqsədilə proletariatın diktaturasını təmin etmək” prinsipi burada qeyd edilən hüquqların konsepsiyasını təşkil edirdi. Belə ki, bütün hüquqlar zəhmətkeşlərə aid edilirdi. Buradan belə qənaətə gəlmək olar ki, əhalinin digər təbəqələri bu hüquqlardan məhrum olmuşlar. Hüquq və azadlıqlara dair normalar Konstitusiyanın “Ümumi müddəalar” adlanan birinci bölməsində öz əksini tapmaqla cəmi 14 maddəni əhatə edirdi. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru






















