image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

8 Noyabr – Bir xalqın sarsılmaz iradəsinin təntənəsi

image-legitimaz-810x90

8 Noyabr – Bir xalqın sarsılmaz iradəsinin təntənəsi

 

Azərbaycan xalqı tarix boyu öz torpağına, dövlətinə və milli dəyərlərinə bağlılığı ilə seçilib. Bu bağlılıq ən çətin günlərdə də özünü göstərib. 8 Noyabr – Zəfər Günü xalqımızın Vətən sevgisini, mübarizə əzmini və öz gələcəyinə olan inamını nümayiş etdirən mühüm tarixi gündür. 2020-ci ilin payızında Azərbaycan həyatının ən məsuliyyətli dövrlərindən birini yaşadı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi bütün ölkəni bir məqsəd ətrafında birləşdirdi. Cəbhədə hərbçilərimiz döyüşür, arxa cəbhədə isə insanlar ordumuza dəstək göstərirdilər. Müxtəlif bölgələrdə yaşayan və fərqli peşələrdə çalışan vətəndaşlarımızın düşüncəsi eyni idi: torpaqlarımız azad olunsun, ədalət bərpa edilsin. Müharibənin hər günü xalqımız üçün böyük həyəcan və ümidlə yadda qaldı. Ordumuzun əldə etdiyi hər uğur insanlara yeni güc verirdi. Azərbaycan əsgərləri çətin döyüşlərdə öz cəsarətlərini və peşəkarlıqlarını nümayiş etdirdilər. Onların irəliləyişi xalqımızın qələbəyə olan inamını daha da artırdı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə ölkəmizin tarixində xüsusi hadisəyə çevrildi. Bu xəbər Azərbaycan xalqının illərlə gözlədiyi sevincin gerçəkləşməsi idi. Şuşanın azad olunması Vətən müharibəsinin taleyinə mühüm təsir göstərdi və böyük Zəfərin rəmzinə çevrildi.

Bu gün 8 Noyabrı qeyd edərkən bir məsələni xüsusi vurğulamaq lazımdır: qələbə yalnız bir tarixi hadisə deyil, həm də böyük məsuliyyətdir. Biz bu Zəfərin hansı çətinliklər və itkilər hesabına əldə olunduğunu unutmamalıyıq. Şəhidlərimizin adları, onların ailələrinin çəkdiyi ağrı və qazilərimizin göstərdiyi fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq. Zəfərdən sonra ölkəmizin həyatında yeni bir mərhələ başladı. İndi əsas diqqət azad edilmiş ərazilərin inkişafına, insanların doğma yurdlarında rahat yaşamasına və həmin bölgələrdə iqtisadi, sosial həyatın canlanmasına yönəlib. Bu torpaqlarda görülən işlər gələcək nəsillər üçün yeni imkanlar yaradır. Zəfər Günü həm də gənclərimizə mühüm bir mesaj verir. Vətənə xidmət yalnız döyüş meydanında olmur. Yaxşı təhsil almaq, peşəkar mütəxəssis kimi yetişmək, qanunlara hörmət etmək və ölkənin inkişafı üçün çalışmaq da Vətənə xidmətin mühüm formalarıdır. Hər bir vətəndaş öz əməli ilə Azərbaycanın güclənməsinə töhfə verməlidir. Bu əlamətdar gündə bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi- Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki