image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-foto-2

Üçrəngli bayrağımızın şanlı tarixi

image-legitimaz-810x90

Üçrəngli bayrağımızın şanlı tarixi

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçilik tariximiz və müstəqillik ənənələrimizlə bilavasitə bağlıdır. Azərbaycan xalqının dövlətçilik irsini, milli kimliyini və azadlıq məfkurəsini özündə əks etdirən üçrəngli bayrağımız xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş və həmin iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Bu tarixi hadisə Azərbaycan xalqının milli dövlətçilik ideallarının dövlət rəmzi səviyyəsində təcəssümünün mühüm mərhələsi olmuşdur. Üçrəngli bayrağımız 1920-ci ilin aprel ayınadək Azərbaycan Xalq Cümhuriyyətinin dövlət statusuna malik olmuş, müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasının və milli suverenliyinin rəmzi kimi çıxış etmişdir. Cümhuriyyətin süqutu ilə dövlət bayrağımızın rəsmi istifadəsinə son qoyulsa da, onun ifadə etdiyi müstəqillik ideyası, milli azadlıq arzusu və dövlətçilik düşüncəsi xalqımızın yaddaşından silinməmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra uzun illər üçrəngli bayrağımıza dövlət rəmzi kimi sahib çıxmaq mümkün olmasa da, milli müstəqillik ideyası yaşadılmış və gələcək nəsillərə ötürülmüşdür. XX əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsi, xalqın müstəqillik uğrunda mübarizəsinin güclənməsi üçrəngli bayrağımızın yenidən milli kimliyimizin və azadlıq istəyimizin əsas rəmzinə çevrilməsinə zəmin yaratmışdır.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmiş, onun Azərbaycan SSR-in dövlət rəmzi kimi tanınması və ölkənin ali dövlət hakimiyyəti orqanı qarşısında rəsmi dövlət bayrağı statusunun bərpa olunması məsələsi qaldırılmışdır. Bu qərar milli dövlətçilik tariximizdə mühüm siyasi və tarixi əhəmiyyətə malik olmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul etmişdir. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan xalqı öz müstəqil dövlətçiliyini yenidən təsdiq etmiş, üçrəngli bayrağımız suveren dövlətimizin əsas atributlarından birinə çevrilmişdir. 2009-cu il noyabrın 17-də Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar üçrəngli bayrağımızın tarixi əhəmiyyətinin, milli dövlətçilik ənənələrimizin və müstəqillik dəyərlərinin cəmiyyətimizdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Meydanın yaradılması dövlət rəmzlərimizə göstərilən ehtiramın, milli birliyin və dövlət müstəqilliyinə bağlılığın ifadəsi kimi mühüm ictimai-siyasi əhəmiyyət kəsb etmişdir. Dövlət bayrağımızın ucaldıldığı bu məkan Azərbaycanın dövlətçilik tarixinin və milli qürurunun rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin beynəlxalq münasibətlər sistemində suverenliyini, müstəqil dövlət kimi mövcudluğunu və milli maraqlarını təmsil edir. Dövlətimizin rəsmi tədbirlərində, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə və müxtəlif mötəbər mərasimlərdə bayrağımızın dalğalanması Azərbaycanın müstəqil dövlət kimi tanınmasının və beynəlxalq nüfuzunun təzahürüdür.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalanması dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası baxımından xüsusi tarixi məna kəsb etmişdir. Qarabağda və Şərqi Zəngəzurda Dövlət Bayrağımızın ucaldılması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin, milli iradəsinin və müstəqillik əzminin təntənəsi kimi yadda qalmışdır. Bu gün üçrəngli bayrağımızın hər bir qarış Azərbaycan torpağında dalğalanması dövlətimizin suverenliyinin, milli birliyimizin və ərazi bütövlüyümüzün rəmzidir. Bayrağımıza göstərilən ehtiram, əslində, Azərbaycanın tarixinə, dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərinə və müstəqilliyinə göstərilən ehtiramdır.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki