image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bakı şəhərində Dövlət bayrağı meydanı

image-legitimaz-810x90

Bakı şəhərində Dövlət bayrağı meydanı

 

 

Azərbaycanın dövlətçilik rəmzlərinə ehtiramın təcəssümü olan Dövlət Bayrağı Meydanı paytaxt Bakının mühüm tarixi-memarlıq komplekslərindən və milli qürur məkanlarından biridir. Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə meydanın yaradılmasına başlanılmışdır. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı keçirilmişdir. Bu qərar dövlət bayrağının milli həmrəyliyin, müstəqilliyin və suverenliyin əsas rəmzi kimi təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.  Meydanın ərazisində yaradılmış Dövlət Bayrağı Muzeyi Azərbaycanın zəngin dövlətçilik tarixinin, milli rəmzlərinin və tarixi irsinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Muzeyin açılışı 2010-cu il noyabrın 9-da – Dövlət Bayrağı Günündə olmuşdur. Burada Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə yanaşı, müxtəlif tarixi dövrlərdə ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqları, gerblər, tarixi sənədlər, pul nişanları, orden və medallar nümayiş etdirilmiş, ümumilikdə 400 eksponat vasitəsilə Azərbaycanın qədim dövlətçilik ənənələri əyani şəkildə təqdim olunmuşdur.

Dövlət Bayrağı Muzeyinin ekspozisiyası altı sərgi salonundan ibarətdir və ölkəmizin qədim dövrlərdən müasir müstəqillik mərhələsinədək keçdiyi tarixi yolu əhatə edir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrlərinə aid dövlət rəmzləri, müstəqillik illərinin atributları, tarixi fotoşəkillər və sənədlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki xidmətlərinə, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğuna və Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan videomateriallar da nümayiş etdirilir.

2017-ci ildə aparılan yenidənqurma və təmir-bərpa işləri ilə əlaqədar muzeyin fəaliyyəti müvəqqəti dayandırılmışdır. 2024-cü il noyabrın 8-də – Zəfər Günündə Dövlət Bayrağı Meydanı yenidən istifadəyə verilmiş, Cənab Prezident İlham Əliyev burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltmışdır. Məhz Zəfər Günündə baş tutan bu mərasim dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi məzmununu daha da gücləndirmişdir. 2024-cü ilin noyabrından dünyanın ən böyük bayrağı bu meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yenilənmiş Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya da yaradılmışdır. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağını ucaltmasını, eləcə də Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü münasibətilə keçirilən hərbi paradı əks etdirən fotoşəkillər sərgilənir. Ekspozisiya xalqımızın qəhrəmanlıq salnaməsini, Azərbaycan Ordusunun döyüş əzmini və dövlətimizin suverenliyinin bərpasını əks etdirir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi və noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Azərbaycanın hərb tarixinə Zəfər səhifəsi kimi yazılmışdır. Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edilmişdir. Hər il qeyd olunan bu əlamətdar tarix Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığının və xalqımızın milli birliyinin ifadəsidir. Dövlət Bayrağı Meydanının 2024-cü il noyabrın 8-də məhz Zəfər Günündə yenidən açılması bu tarixi günün milli dövlətçilik rəmzlərimizlə və suverenlik ideyası ilə vəhdətini nümayiş etdirir. Dövlət Bayrağı Meydanı və burada fəaliyyət göstərən muzey Azərbaycanın tarixi keçmişini, dövlətçilik ənənələrini və müasir inkişaf mərhələsini bir araya gətirən mühüm mədəni-maarifləndirici məkandır. Kompleksin fəaliyyəti dövlət rəmzlərimizin təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və tarixi yaddaşın yaşadılmasına xidmət edir. Üçrəngli bayrağımızın bu meydanda əzəmətlə dalğalanması müstəqil Azərbaycanın suverenliyinin, milli birliyinin, tarixi Zəfərinin və dövlətçilik iradəsinin parlaq təcəssümüdür.

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki