8 Noyabr – Azərbaycan xalqının qürur və birlik günü
Hər bir xalqın tarixində onun yaddaşına əbədi həkk olunan mühüm hadisələr var. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü belə əlamətdar tarixlərdən biridir. Bu gün ölkəmizin hər yerində böyük qürur, sevinc və minnətdarlıq hissi ilə qeyd olunur. 2020-ci ilin payızı Azərbaycan tarixində xüsusi bir dövr kimi yadda qaldı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın həyatında yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərdi. Əsgər və zabitlərimiz torpaqlarımızın azadlığı uğrunda çətin döyüşlərdən keçərək tarixi qələbəyə imza atdılar. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyi və həmrəyliyi də mühüm rol oynadı. Cəbhədə əsgərlərimiz döyüşdüyü bir vaxtda arxa cəbhədə insanlar ordumuza dəstək olur, hər kəs öz imkanı daxilində Vətənə xidmət etməyə çalışırdı. İnsanları birləşdirən əsas amal doğma torpaqlarımızın azad edilməsi idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Zəfərimizin ən mühüm hadisələrindən biri oldu. Bu xəbər bütün ölkədə böyük sevinc yaratdı. Şuşanın azadlığı Azərbaycan xalqının illərdir gözlədiyi arzunun gerçəkləşməsi idi. Həmin gün xalqımız öz gücünü, birliyini və mübarizə əzmini bir daha nümayiş etdirdi. Zəfər Günü yalnız qazanılmış hərbi uğurun qeyd edilməsi demək deyil. Bu gün həm də şəhidlərimizin xatirəsini yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və Vətən uğrunda göstərilən qəhrəmanlığı unutmamaq günüdür. Biz bu qələbəyə görə canından keçən igidlərimizin qarşısında daim borcluyuq. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərimizin inkişaf etdirilməsi, doğma torpaqlarımıza həyatın qaytarılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, yeni yolların, məktəblərin, xəstəxanaların və yaşayış evlərinin tikilməsi gələcəyə olan inamımızı artırır. İnsanların öz doğma yurdlarına qayıtması Zəfərimizin ən gözəl nəticələrindən biridir. 8 Noyabr bizə bir həqiqəti də xatırladır: xalq bir olduqda, qarşısına qoyduğu məqsədə inamla yürüdükdə böyük uğurlar əldə edə bilər. Bu tarixi gün gənc nəsil üçün də vətənpərvərlik, məsuliyyət və milli birlik nümunəsidir. Zəfər Günü münasibətilə bütün xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Qoy Azərbaycanın bayrağı daim ucalarda dalğalansın, ölkəmizdə sülh, sabitlik və firavanlıq hökm sürsün!
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev























