image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır

image-legitimaz-810x90

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır

Azərbaycan xalqının tarixi Zəfərinin ən möhtəşəm rəmzlərindən biri üçrəngli Dövlət Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldılmasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılmışdır. Bu hadisə dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və xalqımızın milli iradəsinin təntənəsi kimi böyük tarixi və siyasi əhəmiyyət daşıyır.

2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli qürurumuzun və dövlətçilik əzmimizin təntənəsinə çevrilmişdir. Uzun illər işğal altında qalmış torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması xalqımızın tarixi ədalətə qovuşmasının, müstəqillik və suverenlik hüquqlarının təmin edilməsinin rəmzidir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı dövlət bayrağımızın ucaldılması hər bir azərbaycanlının qəlbində qürur və sonsuz sevinc hissi yaratmışdır. Şuşa şəhərinin azad olunması və burada Azərbaycan Dövlət Bayrağının ucaldılması Zəfər tariximizin ən əlamətdar hadisələrindəndir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan xalqının iradəsini, ordumuzun qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmişdir. Cənab Prezident İlham Əliyevin Şuşada üçrəngli bayrağımızı ucaltması milli tariximizə qızıl hərflərlə yazılmış, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləmişdir.

İşğaldan azad edilmiş ərazilərimizdə Dövlət Bayrağının ucaldılması yalnız hərbi Qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının və tarixi torpaqlarımıza qayıdışın mühüm göstəricisidir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın və digər yaşayış məntəqələrində bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının əyani təcəssümüdür. Hər bir azad edilmiş yaşayış məntəqəsində üçrəngli bayrağımızın ucaldılması xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, infrastrukturun yenidən qurulması, doğma yurdlarından didərgin düşmüş sakinlərin mərhələli şəkildə öz torpaqlarına qayıtması Zəfərin real nəticələrini nümayiş etdirir. Bu ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, məktəblərin, xəstəxanaların, yolların və digər sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin quruculuq potensialının və gələcəyə yönəlmiş inkişaf strategiyasının göstəricisidir. Bütün bu proseslər üçrəngli bayrağımızın kölgəsində, müstəqil Azərbaycanın suverenliyi şəraitində həyata keçirilir.

Bu gün üçrəngli Dövlət Bayrağımız Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərində, tarixi abidələrimizin və yenidən qurulan yaşayış məntəqələrimizin üzərində əzəmətlə dalğalanır. Bu mənzərə xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinə sədaqətinin və gələcəyə inamının parlaq ifadəsidir. Bayrağımızın ucalığı Azərbaycanın qazandığı tarixi Zəfərin əbədiliyini, suverenliyimizin dönməzliyini və dövlətçilik iradəmizin sarsılmazlığını nümayiş etdirir. Üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi, milli birliyimizin və tarixi Qələbəmizin rəmzidir. Onun daim yüksəkliklərdə dalğalanması uğrunda mübarizə apardığımız müstəqilliyin, qoruduğumuz milli dəyərlərin və qurduğumuz güclü Azərbaycanın təcəssümüdür. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan bayrağımız qalib xalqın qürurunu, müstəqil dövlətin qüdrətini və Azərbaycanın parlaq gələcəyinə olan sarsılmaz inamı ifadə edir.

 

 

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki