image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-71758ba37fdf374c467c06faa4c2c614

Qaz limitini aşanlar OXUSUN – Sərfiyyat azalacaq?

image-legitimaz-810x90

Soyuqlar düşən kimi hamımızı bir sual düşündürür: evi necə qızdıraq ki, həm isti olsun, həm də ayın sonunda gələn kommunal qəbzlər büdcəmizə ciddi zərbə vurmasın?

Son vaxtlar istilik sistemləri bazarında elektrikli kombilərə marağın artması da bu sualı yenidən gündəmə gətirib. İstehsalçılar və satıcılar bu cihazların təhlükəsizliyini, rahat quraşdırılmasını önə çəkirlər. Bəs elektrikli kombilər doğrudanmı qaz kombilərinə alternativ ola bilər? Onlardan istifadə ailə büdcəsinə qənaət gətirəcək, yoxsa daha böyük elektrik xərcləri ilə nəticələnəcək?

Məsələyə ilk növbədə iqtisadi tərəfdən yanaşaq. Əgər evinizdə təbii qaz varsa, elektrikli kombiyə keçmək heç də həmişə sərfəli seçim deyil. Çünki qazla elektrik enerjisinin tarifləri və istilik əldə etmək üçün tələb olunan enerji miqdarı fərqlidir. Elektrikli kombi işləyərkən sərf etdiyi enerjinin böyük hissəsini istiliyə çevirsə də, bu, onun mütləq daha ucuz başa gəlməsi demək deyil. Xüsusilə qış aylarında uzun müddət işləyən və yüksək güc tələb edən cihazların elektrik sərfiyyatı ciddi arta bilər.

Məsələn, 100 kvadratmetrlik mənzilin qızdırılması üçün tələb olunan xərc binanın istilik izolyasiyasından, çöldəki temperaturdan, kombinin gücündən və istifadə rejimindən asılıdır. Eyni sahədə yerləşən iki mənzilin belə istilik xərcləri fərqli ola bilər. Buna görə də elektrikli və qaz kombilərinin aylıq xərclərini müqayisə edərkən yalnız cihazın qiymətini deyil, real enerji sərfiyyatını da nəzərə almaq lazımdır.

Elektrikli kombilərin əsas üstünlüklərindən biri qaz sızması, dəm qazı zəhərlənməsi və yanma prosesi ilə bağlı risklərin olmamasıdır. Bundan başqa, ənənəvi qaz kombilərindən fərqli olaraq, yanma məhsullarının xaric edilməsi üçün baca tələb olunmur. Bu xüsusiyyət qaz xətti olmayan yeni tikililərdə və bağ evlərində elektrikli kombiləri alternativə çevirir. Lakin məsələnin başqa tərəfi də var: elektrik infrastrukturu belə cihazların geniş istifadəsinə hazırdırmı?

Təsəvvür edək ki, çoxmənzilli binada bir ailə elektrikli kombi quraşdırır. Məişət cihazları ilə yanaşı, 9-12 kilovat gücündə kombinin də işləməsi mənzilin elektrik xəttinə ciddi əlavə yük yaradır. Üstəlik, bu tip cihazların bir çoxu üçfazalı elektrik təchizatı tələb edir. Köhnə yaşayış binalarında isə daxili naqillər, elektrik lövhələri və ümumi təchizat xətləri belə yüklənməyə uyğun olmaya bilər. Əgər elektrikli kombilərdən istifadə kütləviləşərsə, xüsusilə qışın soyuq axşamlarında elektrik şəbəkəsinin yüklənməsi problemi daha da aktuallaşa bilər. Yüklənmə nəticəsində gərginliyin aşağı düşməsi, avtomat açarların açılması, naqillərin həddindən artıq qızması və uyğun olmayan elektrik qurğularında yanğın təhlükəsi yarana bilər. Transformatorların və paylayıcı xətlərin imkanları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Musavat.com-a danışan kommunal məsələlər üzrə ekspert Əhməd Rəhmanov da elektriklə işləyən su qızdırıcılarının quraşdırılması zamanı həm texniki, həm də təhlükəsizlik problemlərinə diqqət çəkib. Onun sözlərinə görə, bəzi yaşayış evlərində qazla işləyən su qızdırıcılarının quraşdırılması texniki tələblərə görə mümkün olmur: “Qazla işləyən su qızdırıcıları ilə elektriklə işləyən su qızdırıcılarının fərqi ondadır ki, bir çox evlərdə qazla işləyən su qızdırıcısının quraşdırılmasına texniki şərtlər imkan vermir. Hələ sovet dövründən müəyyən tələblər mövcuddur. Məsələn, su qızdırıcısı quraşdırılan otağın sahəsi azı 9 kvadratmetr, hündürlüyü isə 2,70 metr olmalıdır. Amma Xruşşovka layihəli binalarda, eləcə də bir çox həyət evlərində bu ölçülər təmin edilmir. Belə olan halda qazla işləyən su qızdırıcısını quraşdırmaq mümkün olmur və vətəndaş elektrikli variantdan istifadə etməyə məcbur qalır”.

Kombi quraşdırılması və dəyişdirilməsi Bakıda

Ekspertin sözlərinə görə, elektrikli su qızdırıcılarının istifadəsi də öz növbəsində əlavə təhlükəsizlik tədbirləri tələb edir: “Bir çox evlərdə elektrik naqilləri, avadanlıqlar, elektrik açarları, eləcə də transformatorlar bu cür yüklənməyə hazır deyil. Bu da yanğın təhlükəsi yarada bilər. Ona görə də əhali elektrikli su qızdırıcısı quraşdırarkən ilk növbədə təhlükəsizlik məsələlərinə diqqət yetirməlidir. Həmin cihaz üçün ayrıca elektrik xəttinin çəkilməsi və ayrıca avtomat açarın quraşdırılması vacibdir”.

Ə.Rəhmanov hesab edir ki, məsələnin digər mühüm tərəfi ölkənin elektrik enerjisi infrastrukturu ilə bağlıdır. Onun fikrincə, əhali arasında elektriklə işləyən istilik və su qızdırıcılarının istifadəsi artarsa, mövcud şəbəkənin bu yükü qarşılamaq imkanları da qiymətləndirilməlidir. “Əsas məsələ dövlətin quraşdırdığı elektrik ötürücü stansiyaların və ümumilikdə elektrik infrastrukturunun belə yüklənməyə hazır olub-olmamasıdır. Buna artıq Azərenerji cavab verməlidir”, – deyə ekspert bildirib.

Elektrikli kombilər qaz xətti olmayan evlər üçün müəyyən hallarda əlverişli alternativ sayıla bilər. Lakin onların qaz kombilərini kütləvi şəkildə əvəz etməsi təkcə cihazların qiymətindən və təhlükəsizliyindən asılı deyil. Burada elektrik enerjisinin tarifləri, mənzillərin texniki imkanları, transformatorların gücü və paylayıcı şəbəkələrin yükdaşıma qabiliyyəti də həlledici rol oynayır. Bir sözlə, qaz sərfiyyatını azaltmaq istəyən vətəndaşın bu dəfə elektrik hesabı ilə üz-üzə qalması mümkündür. Əsas sual isə açıqdır: elektrikli kombilərə maraq artarsa, Azərbaycanın elektrik infrastrukturu qış mövsümündə yaranacaq əlavə yükü qarşılamağa hazırdırmı?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki