image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

2025-ci il – “Konstitusiya və Suverenlik İli

image-legitimaz-810x90

2025-ci il – “Konstitusiya və Suverenlik İli

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli suverenliyin əhəmiyyətinin vurğulanması və Konstitusiyanın cəmiyyət həyatındakı rolunun bir daha diqqətə çatdırılması baxımından mühüm tarixi və siyasi əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas istiqamətlərini formalaşdırmışdır. Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsü prinsipini, dövlət idarəçiliyinin hüquqi əsaslarını və vətəndaşların cəmiyyət qarşısında məsuliyyətini müəyyən edən ali hüquqi sənəddir.

“Konstitusiya və Suverenlik İli”nin elan olunması xüsusi tarixi məna daşıyır. Çünki dövlət suverenliyi hər bir ölkənin müstəqil siyasət yürütmək, öz ərazisi üzərində hakimiyyətini həyata keçirmək və milli maraqlarını qorumaq hüququnun əsas göstəricisidir. Azərbaycan xalqı uzun illər ərzində müstəqilliyin qorunması, ərazi bütövlüyünün və suverenliyin bərpası uğrunda böyük mübarizə aparmışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Bu ilin əsas məqsədlərindən biri Konstitusiyanın mahiyyətinin, prinsiplərinin və hüquqi dəyərlərinin geniş ictimaiyyətə çatdırılması, xüsusilə gənc nəslin hüquqi maarifləndirilməsi və vətəndaşlıq məsuliyyətinin artırılmasıdır. Bu baxımdan dövlət qurumlarında, təhsil müəssisələrində və digər təşkilatlarda maarifləndirici tədbirlərin, konfransların, seminarların və dəyirmi masaların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Konstitusiyaya hörmət, qanunun aliliyinə riayət, dövlət rəmzlərinə ehtiram və milli suverenliyin qorunması hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur. Dövlətin gücü yalnız iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də qanunun aliliyinə, milli birliyə və hüquqi dəyərlərə əsaslanan cəmiyyətin mövcudluğu ilə ölçülür.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan xalqının dövlətçilik tarixinin, milli müstəqilliyinin və ərazi bütövlüyünün əhəmiyyətini bir daha nümayiş etdirir. Bu il həm keçmişimizə ehtiram, həm bugünkü nailiyyətlərimizin qiymətləndirilməsi, həm də gələcək nəsillərə müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin möhkəm təməli, xalqımızın milli birliyinin və gələcəyə inamının əsas dayağıdır.

 

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki