Vətəndaşların hüquq və azadlıqları
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin edilməsini demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Əsas Qanunda insanın və vətəndaşın hüquq və azadlıqlarına xüsusi yer ayrılmış, onların qorunması dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir ki, bu da dövlətin insan amilinə, şəxsiyyətin hüquqi statusuna və fərdi azadlıqların müdafiəsinə verdiyi əhəmiyyətin göstəricisidir. Bu müddəalar insan hüquq və azadlıqlarının yalnız bəyan edilməsini deyil, onların real həyatda həyata keçirilməsi üçün hüquqi və institusional təminatların yaradılmasını da nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının insan hüquq və azadlıqlarına həsr edilmiş üçüncü fəslinin əsasını bir sıra mühüm beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental prinsiplər təşkil edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərin müddəaları milli konstitusion normaların formalaşmasına təsir göstərmişdir. Bu yanaşma Azərbaycanın beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına hörmətini, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmi və milli qanunvericiliyin müasir hüquqi standartlara uyğunlaşdırılması istiqamətində mövqeyini nümayiş etdirir.
Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən və digər fərdi xüsusiyyətlərindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün insanların hüquq və azadlıqları geniş şəkildə təsbit edilmişdir. Konstitusiyanın bərabərlik hüququna dair müddəaları hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının ayrı-seçkilik olmadan təmin edilməsini nəzərdə tutur. Bu prinsip ölkəmizdə müxtəlif xalqların, etnik və dini qrupların nümayəndələrinin qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik şəraitində yaşamasının hüquqi əsasını təşkil edir. Eyni zamanda, milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin öz mədəni kimliyini qorumaq və inkişaf etdirmək imkanları konstitusion təminat altındadır.
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar geniş məzmun daşıyaraq şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları əhatə edir. Yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, mülkiyyət hüququ, vicdan və fikir azadlığı, söz və məlumat azadlığı, sərbəst toplaşmaq hüququ, təhsil, əmək və sosial təminat hüquqları bu sistemin mühüm tərkib hissələridir. Həmin hüquqlar hər bir insanın şəxsiyyət kimi formalaşması, cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirak etməsi, öz potensialını reallaşdırması üçün zəruri hüquqi imkanlar yaradır. Vətəndaşların siyasi hüquq və azadlıqları demokratik cəmiyyətin formalaşmasında və dövlət idarəçiliyində xalqın iştirakının təmin edilməsində mühüm rol oynayır. Seçmək və seçilmək hüququ, dövlətin idarə olunmasında iştirak etmək, siyasi partiyalarda və ictimai birliklərdə birləşmək, sərbəst toplaşmaq və öz fikrini ifadə etmək azadlığı demokratik idarəçilik sisteminin əsas elementləridir. Bu hüquqlar vətəndaşların ictimai-siyasi proseslərdə iştirakına, dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin həyata keçirilməsinə və cəmiyyətdə demokratik dəyərlərin möhkəmlənməsinə şərait yaradır.
İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün Konstitusiyada onların təminat mexanizmləri də müəyyən edilmişdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, dövlət orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət etmək imkanının tanınması hüquqi müdafiə sisteminin əsasını təşkil edir. Bu baxımdan məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquqi yardım almaq imkanları və Konstitusiya Məhkəməsinin fəaliyyəti konstitusion hüquqların qorunmasında mühüm əhəmiyyət daşıyır. Dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq və pozulmuş hüquqların bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirməkdir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























