Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi
Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkə vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin və ümummilli birliyin başlıca rəmzlərindən biridir. Bayraq milli identikliyin təzahür forması olmaqla xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirir. Ən müqəddəs dövlət rəmzlərindən biri olan bayraq millətin varlığının, mövcudluğunun və müstəqil dövlətə sahib çıxmaq əzminin əsas göstəricisidir.
Azərbaycançılıq məfkurəsi xalqımızı vahid milli ideya ətrafında birləşdirən, milli kimliyimizi və dövlətçilik dəyərlərimizi qoruyan mühüm ideoloji əsasdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası ölkəmizdə milli həmrəyliyin möhkəmləndirilməsinə, müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ümumi vətən – Azərbaycan ətrafında birləşməsinə xidmət etmişdir. Bu məfkurə milli mənsubiyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, hər bir vətəndaşın özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi hesab etməsini, ümumi dövlətçilik maraqlarına bağlılığını ifadə edir. Üçrəngli Dövlət Bayrağımız azərbaycançılıq ideologiyasının və milli birliyin ən aydın simvollarından biridir. Bayrağın mavi, qırmızı və yaşıl rənglərində ifadə olunan milli kimlik, müasirlik və mənəvi dəyərlər xalqımızın tarixi köklərini və inkişaf istiqamətlərini vahid məfkurədə birləşdirir. Bu rənglərin vəhdəti Azərbaycan cəmiyyətinin milli-mənəvi bütövlüyünü, tarixi irsə bağlılığını və müstəqil dövlətçilik ideallarını təcəssüm etdirir.
Dövlət Bayrağı cəmiyyətin bütün təbəqələri, müxtəlif nəsillər və xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün ortaq milli dəyər və mənsubiyyət rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın üçrəngli bayrağımız ətrafında birləşməsi onların tarixi Vətənlə əlaqələrinin, milli kimliklərini qorumaq istəyinin və Azərbaycan dövlətinə bağlılığının ifadəsidir. Bu baxımdan Dövlət Bayrağı yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da dünya azərbaycanlılarının milli həmrəyliyini təcəssüm etdirir. Milli həmrəyliyin möhkəmləndirilməsində dövlət rəmzlərinin təbliği, tarixi irsin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm əhəmiyyət daşıyır. Dövlət Bayrağına ehtiram göstərilməsi, onun tarixinin və ideoloji mahiyyətinin öyrənilməsi vətəndaşlarda milli mənsubiyyət, dövlətçilik məsuliyyəti və Vətənə bağlılıq hisslərini gücləndirir. Xüsusilə təhsil müəssisələrində və ictimai tədbirlərdə milli rəmzlərimizin təbliği azərbaycançılıq məfkurəsinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər milli həmrəyliyin və ümumxalq birliyinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Azərbaycan xalqının vahid amal ətrafında birləşməsi, ordumuzun göstərdiyi qəhrəmanlıq və üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə ucaldılması milli birliyin və dövlət suverenliyinin təcəssümünə çevrilmişdir. Qarabağda və Şərqi Zəngəzurda bayrağımızın dalğalanması xalqımızın tarixi yaddaşında xüsusi yer tutan milli qürur hadisəsidir.
Bu gün milli həmrəyliyin qorunması, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi və dövlət rəmzlərimizə ehtiramın artırılması müstəqil Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Üçrəngli Dövlət Bayrağımız xalqımızı birləşdirən, milli kimliyimizi yaşadan və dövlət müstəqilliyimizin əbədi olduğunu ifadə edən müqəddəs rəmzdir. Bayrağımız ətrafında sıx birləşmək, milli dəyərlərimizi qorumaq və dövlətçiliyimizə sədaqət nümayiş etdirmək hər bir Azərbaycan vətəndaşının mənəvi və vətəndaşlıq borcudur.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru























