2025-ci il – “Konstitusiya və Suverenlik İli”
Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı mühüm tarixi hadisələr kimi xüsusi yer tutur. Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə və antiterror əməliyyatının nəticələri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası istiqamətində həlledici mərhələ olmuşdur. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edilmiş, ölkənin bütün suveren ərazisində vahid konstitusion hüquq qaydasının təmin olunması üçün tarixi şərait yaranmışdır. Bu hadisələr Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli suverenliyin təmin edilməsi və konstitusion quruluşun bütün ölkə ərazisində bərpası baxımından mühüm əhəmiyyət daşımışdır. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu tarixi nailiyyətlər Konstitusiyanın bəyan etdiyi fundamental məqsədlərin və dövlətin ərazi bütövlüyünün qorunması prinsipinin real təcəssümünə çevrilmişdir. Müstəqil Azərbaycan dövlətinin suveren hüquqlarının bütün ərazilərində təmin edilməsi milli birliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin vahid hüquqi əsaslar üzərində həyata keçirilməsi və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin başlanması üçün yeni imkanlar yaratmışdır.
2025-ci ilin Azərbaycan Respublikasının ictimai-siyasi və dövlətçilik tarixində xüsusi əhəmiyyətini şərtləndirən mühüm amillərdən biri də ölkəmizin Əsas Qanununun qəbul edilməsinin 30-cu ildönümünün və Vətən müharibəsində Qələbənin beşinci ildönümünün qeyd olunmasıdır. Bu əlamətdar tarixi hadisələrin əhəmiyyətini, Konstitusiyanın dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin edilməsində rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar ölkəmizin konstitusion inkişaf yolunun, milli dövlətçilik ənənələrinin və suverenlik prinsiplərinin xüsusi vurğulanması baxımından mühüm siyasi və hüquqi əhəmiyyət daşımışdır. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə əlaqədar tədbirlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planı çərçivəsində Konstitusiyanın tarixi və hüquqi əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması, konstitusion dəyərlərin təbliği, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və suverenlik anlayışının milli dövlətçilik kontekstində izah edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
“Konstitusiya və Suverenlik İli”nin əsas istiqamətlərindən biri Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı rolunun daha dərindən öyrənilməsi və konstitusion hüquq mədəniyyətinin yüksəldilməsi oldu. Bu çərçivədə Əsas Qanunun qəbul edilməsinin tarixi şəraitinin, onun dövlət quruculuğunda müəyyən etdiyi prinsiplərin, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlarının, eləcə də dövlət hakimiyyətinin təşkili mexanizmlərinin ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb etdi. Bu ilin digər mühüm istiqaməti dövlət suverenliyinin mahiyyətinin, əhəmiyyətinin və onun qorunmasının milli təhlükəsizlik baxımından rolunun ictimaiyyətə aydın şəkildə çatdırılması idi Suverenlik dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi və milli maraqlarını sərbəst həyata keçirməsi deməkdir. Azərbaycan Respublikasının bütün ərazisində konstitusion quruluşun və dövlət hakimiyyətinin bərqərar olması suverenliyin hüquqi və siyasi baxımdan təmin edilməsinin mühüm göstəricisidir. Bu reallıq dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsi məsuliyyətini daha da aktuallaşdırdı.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri
























