“Azərbaycan Respublikasının Konstitusiyası Günü”
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının dövlətçilik tariximizdə müstəsna əhəmiyyətini, müstəqil dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılmasında və demokratik inkişaf prinsiplərinin təsbit edilməsində oynadığı mühüm rolu nəzərə alaraq, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Bu qərar müstəqil Azərbaycan dövlətinin Əsas Qanununa verilən yüksək siyasi və hüquqi qiymətin, milli dövlətçilik ənənələrinə və konstitusion dəyərlərə göstərilən ehtiramın ifadəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmış, beləliklə, bu əlamətdar günün dövlət səviyyəsində qeyd olunması ənənəsinin əsası qoyulmuşdur.
Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü Azərbaycan xalqının dövlət müstəqilliyinə, suverenliyinə və demokratik dövlətçilik prinsiplərinə bağlılığını nümayiş etdirən mühüm tarixi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Bu günün qeyd olunması Konstitusiyanın hüquqi mahiyyətinin, onun cəmiyyətin və dövlətin həyatında müəyyən etdiyi fundamental prinsiplərin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının vacibliyinin bir daha diqqətə çatdırılmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin təşkilinin, qanunvericilik, icra və məhkəmə hakimiyyəti arasında səlahiyyət bölgüsünün, dövlət orqanlarının fəaliyyət prinsiplərinin hüquqi çərçivəsini müəyyən edir. Əsas Qanunda xalq hakimiyyəti, dövlət suverenliyi, hüquq bərabərliyi, qanunun aliliyi və insan hüquqlarının təmin edilməsi kimi fundamental prinsiplər öz əksini tapmışdır. Bu prinsiplər dövlət idarəçiliyinin demokratik əsaslarla həyata keçirilməsinə, cəmiyyətlə dövlət arasında hüquqi münasibətlərin tənzimlənməsinə və ictimai həyatın bütün sahələrində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.
Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanda müstəqil dövlətin siyasi və hüquqi sisteminin formalaşdırılması istiqamətində mühüm mərhələnin əsası qoyulmuşdur. Əsas Qanun ölkənin gələcək inkişaf strategiyasının hüquqi təməlini müəyyən etməklə yanaşı, dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, milli qanunvericilik sisteminin formalaşdırılması və beynəlxalq hüquq normalarına uyğunlaşma prosesləri üçün də fundamental baza yaratmışdır. Bu baxımdan Konstitusiya müstəqilliyimizin hüquqi təminatçısı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində suveren dövlət kimi mövqeyinin möhkəmləndirilməsində də mühüm rol oynamışdır. Müasir dövrdə Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının həyata keçirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, qanunvericilik bazasının müasirləşdirilməsinə və hüquqi mexanizmlərin daha səmərəli fəaliyyətinə yönəlmişdir. Bu proseslər Konstitusiyanın cəmiyyətin dəyişən inkişaf tələblərinə uyğun tətbiqinin və konstitusion prinsiplərin davamlılığının təmin edilməsinin əhəmiyyətini artırır.
Konstitusiya Günü, eyni zamanda, hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərindən dərk etməsi, qanunlara hörmətlə yanaşması və dövlət qarşısında vətəndaşlıq məsuliyyətini anlaması baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır. Xüsusilə gənc nəslin milli dövlətçilik ideyalarına, hüquqi düşüncə tərzinə, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti prinsiplərinə bağlı ruhda yetişdirilməsi baxımından bu əlamətdar günün qeyd olunması xüsusi önəm kəsb edir. Konstitusion dəyərlərin cəmiyyətin bütün təbəqələri tərəfindən mənimsənilməsi dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə və ictimai məsuliyyət mədəniyyətinin inkişafına töhfə verir.
Ramiz Sərdarzadə- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru























