image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Zəfərdən doğan məsuliyyət və gələcəyə inam

image-legitimaz-810x90

Zəfərdən doğan məsuliyyət və gələcəyə inam

 

Azərbaycan xalqının tarixində qazanılan hər bir uğurun arxasında böyük zəhmət, inam və birlik dayanır. 8 Noyabr – Zəfər Günü də xalqımızın öz gücünə inamının, Vətənə bağlılığının və mübarizə əzminin parlaq nümunəsidir. Bu gün bizə yalnız keçmişimizi deyil, gələcək qarşısında məsuliyyətimizi də xatırladır. Vətən müharibəsi Azərbaycan xalqına bir həqiqəti göstərdi: çətin günlərdə birlik olmaq ən böyük gücdür. 2020-ci ildə müharibə başlayanda ölkəmizin bütün bölgələrində insanlar eyni hissləri yaşayırdı. Hər kəs cəbhədən gələn xəbərləri izləyir, ordumuzun uğurlarına sevinir, əsgərlərimizin sağ-salamat qayıtmasını arzulayırdı. İnsanların bir-birinə dəstəyi və həmrəyliyi həmin günlərin ən yaddaqalan mənzərələrindən idi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan əsgərinin qəhrəmanlığını və döyüş ruhunu bütün dünyaya göstərdi. Hər qarış torpağın azadlığı uğrunda aparılan mübarizə böyük fədakarlıq tələb edirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə xalqımızın sevincini daha da artırdı. Bu hadisə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Zəfər tarixini yaşadan əsas qüvvə insan amilidir. Döyüş meydanında qəhrəmanlıq göstərən əsgərlərimiz, onların arxasında dayanan ailələr, ordumuza dəstək olan vətəndaşlarımız bu qələbənin ayrılmaz hissəsidir. Şəhidlərimizin göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Onların adları və qəhrəmanlıq nümunələri gələcək nəsillərə daim örnək olacaq.

Bu gün Zəfərin mənasını yalnız bayram tədbirləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Qələbəni yaşatmağın ən yaxşı yolu ölkəmizin inkişafına çalışmaq, milli dəyərlərimizi qorumaq, gənclərə düzgün tərbiyə vermək və dövlətimizə layiqli xidmət etməkdir. Hər bir vətəndaş öz işi ilə Azərbaycanın güclənməsinə töhfə verə bilər. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Vaxtilə dağıdılmış yaşayış məntəqələrində yeni evlərin tikilməsi, məktəblərin açılması, yolların salınması gələcəyə olan ümidləri artırır. Doğma torpaqlarına qayıdan insanların öz evlərində yenidən həyat qurması qələbəmizin ən gözəl nəticələrindəndir. Zəfər Günü həm də sülhün və təhlükəsizliyin qiymətini anlamaq üçün bir fürsətdir. Heç bir xalq müharibə və itki yaşamaq istəməz. Ən böyük arzumuz ölkəmizdə sabitliyin qorunması, uşaqlarımızın təhlükəsiz şəraitdə böyüməsi və gələcək nəsillərin firavan həyat sürməsidir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edirik. Qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Zəfər bizə qürur verdi, qarşıdakı illər isə bu qürura layiq olmaq məsuliyyətini üzərimizə qoydu. Qoy Azərbaycan daim güclü, xalqımız bir və dövlətimiz əbədi müstəqil olsun!

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi- Gülşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki