image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı

 

 

Azərbaycanın dövlətçilik tarixində üçrəngli Dövlət Bayrağımızın yenidən bərpası və milli dövlətçilik rəmzi kimi ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Həmin sessiyada, eyni zamanda, üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul edilməsi məsələsinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürülməsi barədə qərar verilmişdir. Bu tarixi addım milli dövlətçilik ənənələrinə qayıdışın, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsinə sədaqətin və müstəqillik məfkurəsinin dövlət səviyyəsində təsdiqinin mühüm ifadəsi olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin bu təşəbbüsü Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolda mühüm siyasi əhəmiyyət daşımış, milli özünüdərk prosesinin güclənməsinə və dövlətçilik varisliyinin qorunmasına xidmət etmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı kimi qəbul etmiş, həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə bayrağımız suveren Azərbaycanın əsas dövlət atributlarından birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli rəmzlərin qorunması, Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi və tarixi irsin gələcək nəsillərə çatdırılması mühüm yer tutmuşdur. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli Dövlət Bayrağımızın ölkənin əsas dövlət rəmzlərindən biri kimi təsbit olunması onun hüquqi statusunu möhkəmləndirmişdir. Bayrağımızın milli kimliyimizi, tarixi köklərimizi və dövlət müstəqilliyimizi təcəssüm etdirməsi cəmiyyətimizdə ona olan ehtiramı daha da artırmışdır.

Ulu Öndərin dövlətçilik irsində dövlət atributlarının təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyət daşımışdır. Dövlət Bayrağına hörmətin və ehtiramın milli dəyər kimi formalaşdırılması, onun müstəqilliyimizin və suverenliyimizin rəmzi olaraq cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilməsi bu siyasətin mühüm istiqamətlərindəndir. Üçrəngli bayrağımızın tarixi keçmişi ilə müasir dövlətçilik ideallarının əlaqələndirilməsi milli yaddaşın qorunmasına və dövlətçilik ənənələrinin davamlılığına xidmət edir.

Bu gün Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik strategiyasının Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, dövlət rəmzlərimizə ehtiramın qorunması və üçrəngli bayrağımızın ölkəmizin bütün ərazisində qürurla dalğalanması həmin tarixi qərarın əhəmiyyətini bir daha nümayiş etdirir. Üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin rəmzi ifadəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın beynəlxalq tədbirlərdə, diplomatik nümayəndəliklərdə və müxtəlif mötəbər platformalarda dalğalanması Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq mövqeyini və suverenliyini təcəssüm etdirir. Dövlət Bayrağı Meydanının yaradılması, milli rəmzlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlər də dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsinə xidmət edir.

 

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki