Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir
Azərbaycan Respublikasının müstəqillik tarixində mühüm hadisələrdən biri 1995-ci il noyabrın 12-də ölkənin ilk milli Konstitusiyasının qəbul edilməsidir. Bu tarixi hadisə müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması, demokratik və hüquqi dövlət quruculuğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi, iqtisadi və sosial problemlərlə üzləşmişdi. Ölkədə sabitliyin təmin edilməsi, dövlət idarəetmə sisteminin formalaşdırılması və müstəqilliyin hüquqi əsaslarının möhkəmləndirilməsi zərurəti yaranmışdı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyin bərqərar olunması və dövlətçiliyin qorunması istiqamətində mühüm addımlar atdı. Bu prosesdə yeni Konstitusiyanın hazırlanması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması məqsədilə xüsusi komissiya yaradıldı. Ulu Öndər bu prosesə şəxsən rəhbərlik edir, layihənin hər bir müddəasının müasir hüquqi dövlət prinsiplərinə uyğun olmasına xüsusi diqqət yetirirdi. Konstitusiya layihəsində beynəlxalq hüququn ümumtanınmış prinsipləri, demokratik dəyərlər, insan hüquq və azadlıqlarının qorunması, hakimiyyət bölgüsü və xalq hakimiyyəti kimi mühüm prinsiplər əsas götürüldü.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum nəticəsində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bu sənəd müstəqil dövlətimizin hüquqi, siyasi və iqtisadi quruluşunun əsaslarını müəyyənləşdirdi. Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edildi. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdi, mülkiyyət hüququnu, azad sahibkarlığı və demokratik idarəetmə prinsiplərini təsbit etdi. Eyni zamanda, ölkədə hüquqi islahatların həyata keçirilməsi, müasir məhkəmə sisteminin formalaşdırılması və insan hüquqlarının müdafiəsi üçün möhkəm hüquqi baza yaratdı.
Konstitusiyanın sonrakı illərdə referendumlar vasitəsilə təkmilləşdirilməsi də ölkənin inkişaf edən ictimai-siyasi və iqtisadi münasibətlərinə uyğun hüquqi islahatların davam etdirilməsinə imkan yaratdı.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin ən mühüm tarixi nəticələrindən biridir. Bu Konstitusiya bu gün də dövlət müstəqilliyimizin, milli suverenliyimizin, hüquqi sabitliyimizin və demokratik inkişafımızın əsas təminatıdır. Heydər Əliyevin dövlətçilik irsi və Konstitusiyanın qəbulunda göstərdiyi tarixi xidmətlər Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
Raqib Əsədov – Zərdab rayonu Alıcanlı kənd sakini





















