image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətində üçrəngli Dövlət Bayrağımızın qorunması, uca tutulması və milli qürur rəmzi kimi təbliği xüsusi yer tutur. Dövlət başçısının siyasi fəaliyyətində milli rəmzlərə ehtiram, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və suverenliyin qorunması əsas prioritetlərdəndir. Dövlət Bayrağı Azərbaycan xalqının milli kimliyini, tarixi yaddaşını, azadlıq ideallarını və müstəqil dövlətçilik iradəsini özündə birləşdirən müqəddəs atribut kimi qiymətləndirilir. Prezident İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” fikri üçrəngli bayrağımızın xalqımızın həyatında daşıdığı mənəvi və siyasi əhəmiyyəti ifadə edir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin və dövlət müstəqilliyinin əsas simvollarından birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri ideallara sadiqliyini təcəssüm etdirir. Cənab Prezident İlham Əliyevin dövlətçilik yanaşmasında bayrağımızın tarixi irsin qorunması ilə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun və suveren hüquqlarının ifadəsi kimi əhəmiyyəti xüsusi vurğulanır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı mərasimində Cənab Prezident İlham Əliyev Dövlət Bayrağının xalqımız üçün müstəsna əhəmiyyətini ifadə edərək bildirmişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”

Cənab Prezident İlham Əliyevin həmin fikirləri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına yönəlmiş qətiyyətli siyasi iradənin mühüm ifadəsi olmuşdur. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanmış, torpaqlarımız işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad olunması, Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda yenidən ucaldılması dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan xalqının milli qürurunu və mübarizə əzmini daha da yüksəltmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə dövlət bayrağımızın işğaldan azad edilmiş ərazilərdə dalğalanmasını reallığa çevirmişdir. Bu hadisə yalnız hərbi-siyasi uğur deyil, həm də milli iradənin, tarixi ədalətin və suveren dövlətçilik hüququnun təntənəsi kimi böyük əhəmiyyət daşıyır.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində üçrəngli bayrağımız beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə, mötəbər beynəlxalq tədbirlərdə və idman yarışlarında Azərbaycanın müstəqil dövlət kimi təmsilçisinə çevrilmişdir. Bayrağımızın müxtəlif beynəlxalq platformalarda dalğalanması ölkəmizin artan nüfuzunun, müstəqil xarici siyasətinin və milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsinin göstəricisidir. Bu istiqamətdə görülən işlər dövlət rəmzlərimizin beynəlxalq miqyasda tanıdılması və milli qürur hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyevin dövlətçilik siyasətində milli həmrəyliyin möhkəmləndirilməsi, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi də mühüm yer tutur. Dövlət Bayrağına ehtiramın və onun tarixi mahiyyətinin cəmiyyətə aşılanması milli kimliyin qorunmasına, vətəndaşların dövlətçilik dəyərləri ətrafında birləşməsinə xidmət edir. Xüsusilə gənclərin üçrəngli bayrağımızın tarixinə, onun ifadə etdiyi milli ideallara və müstəqillik uğrunda mübarizədəki roluna dərindən bələd olması gələcək nəsillərin dövlətə sədaqət ruhunda formalaşması baxımından vacibdir.

2024-cü il noyabrın 8-də Zəfər Günündə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yenidən açılması və Cənab Prezident İlham Əliyevin burada üçrəngli Dövlət Bayrağımızı ucaltması dövlətçilik tariximizin əlamətdar hadisələrindən biri olmuşdur. Bu mərasim Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, tarixi Qələbənin və milli birliyin rəmzi məzmununu bir daha nümayiş etdirmişdir. Bayrağımızın paytaxt Bakıda əzəmətlə dalğalanması xalqımızın müstəqillik iradəsinin və dövlətimizin qüdrətinin ifadəsidir.

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil dövlət quruculuğu siyasətinin, milli birliyin və suverenliyin əsas rəmzlərindən biri olaraq ucalığını qoruyur.

 

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki