8 Noyabr – Qalib xalqın yaddaşına yazılan tarix
Tarix elə hadisələrlə zəngindir ki, onların əhəmiyyəti illər keçdikcə daha aydın hiss olunur. Azərbaycan xalqı üçün 8 Noyabr belə unudulmaz günlərdən biridir. Bu gün xalqımızın uzun illər daşıdığı torpaq həsrətinin sona çatmasını, mübarizə əzmini və böyük qələbəsini ifadə edir. Vətən sevgisi xalqımızın ən böyük mənəvi güclərindən biridir. Azərbaycan xalqı hər zaman öz torpağına, tarixinə və milli dəyərlərinə bağlı olub. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi arzusu hər bir ailənin qəlbində yaşayıb. Bu arzu nəsildən-nəslə ötürülərək ümummilli amala çevrilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında mühüm dönüş yaratdı. Müharibənin ilk günlərindən etibarən ölkəmizdə böyük ruh yüksəkliyi və həmrəylik yarandı. İnsanlar yaşından, peşəsindən və yaşadığı bölgədən asılı olmayaraq eyni məqsəd ətrafında birləşdilər. Cəbhədə döyüşən əsgərlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli mövqeyi tarixi qələbənin əldə olunmasında mühüm rol oynadı.
44 gün davam edən Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə ən mühüm mərhələlərindən birini yaşadı. Bu xəbər Azərbaycan xalqına böyük sevinc bəxş etdi. Şuşanın azad olunması ölkəmizin hərbi və mənəvi üstünlüyünün mühüm göstəricisi oldu. Azərbaycan xalqı uzun illər gözlədiyi sevincə qovuşdu. Zəfərimizin arxasında böyük qəhrəmanlıq nümunələri dayanır. Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və döyüşlərdə iştirak edən hərbçilərimiz bu tarixin əsas qəhrəmanlarıdır. Onların fədakarlığı heç vaxt unudulmamalıdır. Bu gün azad və bütöv Vətəndə yaşamağımız uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi qarşısında baş əyirik. Qələbə ölkəmizin qarşısında yeni imkanlar və məsuliyyətlər yaratdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, sosial obyektlər tikilir, yollar çəkilir və infrastruktur yenilənir. İnsanların doğma yurdlarına qayıtması həmin ərazilərdə həyatın yenidən qurulmasına böyük töhfə verir.
Zəfər Günü yalnız keçmişi xatırlamaq üçün deyil, həm də gələcək nəsillərə qəhrəmanlıq tariximizi çatdırmaq üçün əlamətdar gündür. Gənclərimiz bilməlidirlər ki, bu qələbə asan əldə edilməyib. Onlar Vətənə layiqli vətəndaş olmaq, təhsil almaq, bilik və bacarıqları ilə dövlətimizin inkişafına xidmət etmək məsuliyyətini dərk etməlidirlər. 8 Noyabr Azərbaycan xalqının tarixində daim qürurla xatırlanacaq. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Qoy Zəfərimizin sevinci daim yaşasın, Azərbaycanımızın gələcəyi firavan, səmasında isə həmişə sülh olsun!
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov





















