Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanmışdır
Azərbaycan Respublikasının müstəqillik tarixində ən mühüm hadisələrdən biri müstəqil dövlətimizin ilk milli Konstitusiyasının hazırlanması və qəbul edilməsidir. Bu tarixi proses Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə həyata keçirilmişdir. İlk milli Konstitusiyanın hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yeni dövlətçilik prinsiplərinə uyğun hüquqi sistemin formalaşdırılması zərurəti ilə qarşılaşmışdı. Mövcud qanunvericilik müstəqil dövlətin siyasi, iqtisadi və sosial inkişafının yeni tələblərinə tam cavab vermirdi. Bu səbəbdən müasir dövrün tələblərinə uyğun, demokratik dəyərləri və insan hüquqlarını özündə əks etdirən yeni Konstitusiyanın hazırlanması vacib məsələyə çevrilmişdi.
1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Komissiyanın sədri Ümummilli Lider Heydər Əliyev təyin edildi. Ulu Öndər bu məsuliyyətli prosesə şəxsən rəhbərlik edir, Konstitusiya layihəsinin hər bir müddəasının müstəqil dövlətimizin maraqlarına və beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirirdi.
Konstitusiya komissiyasının fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın gələcək inkişafını müəyyən edən mühüm hüquqi sənədin layihəsi hazırlandı. Layihədə xalq hakimiyyəti, dövlət suverenliyi, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi və demokratik idarəetmə kimi fundamental prinsiplər əsas götürüldü. Eyni zamanda, dövlətin unitar quruluşu, respublika idarəetmə forması və mülkiyyət hüququnun qorunması ilə bağlı müddəalar öz əksini tapdı.
Hazırlanmış Konstitusiya layihəsi geniş ictimai müzakirəyə təqdim edildi. Bu müzakirələrdə dövlət qurumlarının, hüquqşünasların, alimlərin və ictimaiyyət nümayəndələrinin fikirləri nəzərə alındı. Beləliklə, Konstitusiya layihəsinin daha da təkmilləşdirilməsi və xalqın iradəsini əks etdirən ali hüquqi sənəd kimi formalaşdırılması təmin edildi.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bu hadisə müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Konstitusiya ölkənin hüquqi, siyasi və iqtisadi sisteminin əsaslarını müəyyənləşdirdi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini tənzimlədi və insan hüquqlarının müdafiəsi üçün möhkəm hüquqi baza yaratdı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən ilk milli Konstitusiya layihəsinin hazırlanması Azərbaycan dövlətçiliyi tarixində müstəsna əhəmiyyətə malik hadisədir. Ulu Öndərin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və qətiyyətli rəhbərliyi sayəsində müstəqil Azərbaycanın hüquqi təməli formalaşdırılmışdır. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin, hüquqi sabitliyimizin və gələcək inkişafımızın əsas təminatlarından biri olaraq öz əhəmiyyətini qoruyub saxlayır.
Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini





















