Zəfər Günü – xalqımızın inam və iradəsinin təntənəsi
Elə günlər var ki, onların mənası yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. 8 Noyabr Azərbaycan xalqı üçün belə günlərdəndir. Bu tarix xalqımızın uzun illər davam edən mübarizəsinin, Vətənə olan sonsuz sevgisinin və böyük arzusunun gerçəkləşdiyi gündür.
İllər boyu Qarabağ həsrəti ilə yaşayan insanlar doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadılar. Məcburi köçkün ailələr üçün ən böyük arzu öz evlərinə, kəndlərinə və şəhərlərinə dönmək idi. Bu arzu xalqımızın yaddaşında daim yaşadı və hər bir azərbaycanlını bir amal ətrafında birləşdirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində mühüm hadisəyə çevrildi. Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Döyüşlərdə iştirak edən hərbçilərimiz böyük cəsarət, dözüm və fədakarlıq göstərdilər. Onların arxasında isə bütün Azərbaycan xalqının dəstəyi və inamı dayanırdı. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən uğurlar noyabrın 8-də Şuşanın azad olunması ilə daha da böyük əhəmiyyət qazandı. Bu xəbər bütün ölkədə sevinc və qürurla qarşılandı. Şuşanın azad edilməsi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutdu və Zəfərimizin əsas rəmzlərindən birinə çevrildi. Bu qələbə bizə çox böyük dəyərləri xatırlatdı. İlk növbədə, Vətənin hər bir qarışının nə qədər qiymətli olduğunu göstərdi. Eyni zamanda, xalqın birliyinin, dövlətə inamın və ordunun gücünün nə qədər vacib olduğunu sübut etdi. Zəfərimizin əldə olunmasında əməyi olan hər bir hərbçinin xidmətləri yüksək qiymətə layiqdir.
Bu gün 8 Noyabrı qeyd edərkən yalnız qələbənin sevincini yaşamırıq. Həm də Vətən uğrunda həyatını qurban verən şəhidlərimizi yad edir, qazilərimizin qarşısında ehtiramla baş əyirik. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhid ailələrinə qayğı göstərmək, qazilərimizə dəstək olmaq hər birimizin mənəvi borcudur. Zəfərdən sonra ölkəmizin qarşısında yeni bir mərhələ başladı. İşğaldan azad edilmiş torpaqlarda quruculuq işləri genişləndi. Yeni yollar, yaşayış evləri, məktəblər və digər sosial obyektlər inşa olunur. Doğma torpaqlarına qayıdan ailələrin yeni həyata başlaması qələbəmizin ən sevindirici nəticələrindəndir. Zəfər Günü bizə gələcəyə daha böyük inamla baxmağı öyrədir. Bu tarixi yaşatmaq, ölkəmizin inkişafına töhfə vermək və milli birliyimizi qorumaq hər birimizin üzərinə düşən vəzifədir. 8 Noyabr xalqımızın yaddaşında daim qələbə, qürur və minnətdarlıq günü kimi yaşayacaq. Bu Zəfər tarixini bizə yaşadan qəhrəmanlarımızın xatirəsi heç vaxt unudulmayacaq!
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov























