image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək Qarabağ Zəfərinin təmin edilməsi baxımından tarixi dönüş nöqtəsi oldu. Həmin dövrdə Azərbaycan Ermənistanın hərbi təcavüzü, ərazilərinin işğalı, daxili siyasi böhran, iqtisadi tənəzzül və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə idi. Belə mürəkkəb şəraitdə Heydər Əliyev ilk növbədə ölkədə vətəndaş qarşıdurmasının qarşısını aldı, siyasi sabitliyi təmin etdi, dövlət idarəçiliyini bərpa etdi və milli maraqlara əsaslanan uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi. 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına televiziya və radio vasitəsilə müraciət edərək ölkənin müdafiəsi üçün milli səfərbərliyə çağırış etdi. Onun rəhbərliyi ilə nizami ordu quruculuğu sürətləndirildi, vahid komandanlıq sistemi möhkəmləndirildi, hərbi intizamın gücləndirilməsi və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər görüldü. 1994-cü il mayın 12-də əldə edilən atəşkəs Azərbaycanın müharibə şəraitində dövlət quruculuğunu davam etdirməsinə, iqtisadi və hərbi potensialını artırmasına şərait yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın zəngin enerji resurslarının beynəlxalq əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa yönəldilməsi üçün strateji zəmin yaradıldı. Bu müqavilə sonrakı illərdə ölkənin iqtisadi qüdrətinin və müdafiə imkanlarının güclənməsində mühüm rol oynadı. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi nəticəsində Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, beynəlxalq nüfuza və möhkəm dövlətçilik ənənələrinə malik ölkəyə çevrildi. Məhz bu tarixi təməllər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl ordu quruculuğu, hərbi modernləşmə və diplomatik fəaliyyət nəticəsində daha da möhkəmləndirildi. Nəticədə, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Azərbaycanın hərbi-siyasi Qələbəsi təsdiqləndi. 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi isə Zəfər tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Beləliklə, 2020-ci il Qarabağ Zəfəri təsadüfi hərbi uğur deyil, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının, güclü iqtisadiyyat və ordu quruculuğunun, milli birliyin və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsi kimi tarixə düşdü.

 

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki