Azərbaycan Respublikasının Konstitusiyası
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması və milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm tarixi sənəd olmuşdur. Həmin Aktda yeni Konstitusiyanın hazırlanmasının nəzərdə tutulmasına baxmayaraq, 1991–1993-cü illərdə ölkədə mövcud olan siyasi qeyri-sabitlik, hakimiyyətin səriştəsiz idarəçiliyi və dövlət institutlarının formalaşdırılmaması bu mühüm vəzifənin həyata keçirilməsinə imkan verməmişdir. Nəticədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən dərin böhran, anarxiya və idarəçilikdə xaos yaranmış, qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təhlükəsiz və sabit yaşayış şəraitinin yaradılması ciddi problemlərlə üzləşmişdir. Belə mürəkkəb tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun təmin edilməsi strateji zərurətə çevrilmişdir.
Məhz 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, qətiyyətli dövlətçilik mövqeyi və xilaskarlıq missiyası nəticəsində ölkəni parçalanma və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyan proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik bərpa edilmiş və müasir Azərbaycan dövlətinin qurulması üçün möhkəm siyasi-hüquqi zəmin yaradılmışdır. Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətin davamlı inkişafının, demokratik institutların möhkəmləndirilməsinin və cəmiyyətdə hüquqi münasibətlərin tənzimlənməsinin əsasını təşkil edən yeni Konstitusiyanın qəbul edilməsini dövlət quruculuğunun başlıca prioritetlərindən biri kimi müəyyən etmişdir. Onun “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” fikri Konstitusiyanın mahiyyətini, dövlət hakimiyyətinin demokratik əsaslarla təşkili prinsipini və xalqın dövlət idarəçiliyində həlledici rolunu aydın şəkildə ifadə edir. Bu yanaşma əsasında hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin hüquqi, siyasi və institusional inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Konstitusiya dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsbit etmiş, hakimiyyət bölgüsü prinsipini, insan və vətəndaş hüquq və azadlıqlarının aliliyini, qanunun üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental əsaslarını müəyyənləşdirmişdir. Bununla da Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin Əsas Qanunu deyil, həm də milli müstəqilliyimizin, suverenliyimizin, dövlətçilik iradəmizin və demokratik inkişaf strategiyamızın hüquqi təcəssümü kimi tarixi əhəmiyyət qazanmışdır. Bu gün Konstitusiyamızın müddəalarının qorunması və həyata keçirilməsi, dövlətçilik ənənələrinin davam etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti institutlarının inkişafı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması müstəqil Azərbaycanın davamlı tərəqqisinin və milli inkişafının başlıca şərtlərindən biri kimi çıxış edir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri























