Zəfər Günü – tariximizin ən unudulmaz səhifəsi
Hər bir xalqın həyatında elə günlər olur ki, həmin tarixlər illər keçsə də unudulmur. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü məhz belə günlərdən biridir. Bu gün təkcə qələbə sevinci deyil, həm də böyük fədakarlığın, Vətən sevgisinin və xalqımızın iradəsinin ifadəsidir. Azərbaycanın müasir tarixində 2020-ci il xüsusi əhəmiyyət daşıyır. Həmin ilin sentyabr ayında başlayan Vətən müharibəsi xalqımızın qarşısında yeni bir sınaq yaratdı. Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başladı. Döyüş meydanında əsgərlərimiz böyük cəsarət göstərərək addım-addım irəlilədilər. Ölkənin hər yerində insanlar ordumuzun qələbəsinə inanır, gələcək xoş xəbərləri səbirsizliklə gözləyirdilər.
44 günlük müharibə Azərbaycan xalqına həm qələbə sevincini, həm də ağır itkilərin acısını yaşatdı. Bu müharibədə həyatını itirən igidlərimiz öz adlarını tariximizə yazdılar. Onların yarımçıq qalan arzuları, ailələrinin çəkdiyi həsrət hər zaman yaddaşımızda qalacaq. Şəhid ailələrinə diqqət və qayğı göstərmək, qazilərimizin yanında olmaq hər birimizin vətəndaşlıq borcudur.
Noyabrın 8-də Şuşanın azad edilməsi ilə xalqımızın sevincinin həddi-hüdudu olmadı. Bu xəbər ölkəmizin hər bir guşəsində böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə xalqımızın birliyinin və əzminin nəticəsi oldu. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq 8 Noyabr ölkəmizdə Zəfər Günü elan edildi. Bu qələbə bizə bir həqiqəti bir daha göstərdi: Vətənə bağlılıq, birlik və inam hər bir uğurun əsasını təşkil edir. Müharibə başa çatsa da, Vətən qarşısında vəzifələrimiz davam edir. Bu gün torpaqlarımızın abadlaşdırılması, yeni yaşayış məntəqələrinin salınması, məktəblərin və digər sosial obyektlərin tikilməsi ölkəmizin gələcəyinə xidmət edir. Zəfər tarixini gələcək nəsillərə düzgün çatdırmaq da vacib məsələlərdən biridir. Uşaqlarımız və gənclərimiz bilməlidirlər ki, bu gün yaşadığımız qürur hissi böyük zəhmət və fədakarlıq hesabına qazanılıb. Onlar şəhidlərimizin qəhrəmanlığını tanımalı, Vətəni sevməyi, qorumağı və inkişaf etdirməyi özlərinin əsas vəzifələrindən biri hesab etməlidirlər.
Zəfər Günü hər birimizə birlikdə daha güclü olduğumuzu xatırladır. Bu əlamətdar tarixdə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Qoy 8 Noyabrın bizə bəxş etdiyi qürur hissi daim yaşasın! Azərbaycanımızın gələcəyi parlaq, xalqımızın yolu açıq, ölkəmizdə sülh və əmin-amanlıq əbədi olsun!
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva























