Zəfər Günü – azadlığın qədrini bilməyi öyrədən tarix
Tarixdə elə günlər var ki, həmin günün əhəmiyyəti zaman keçdikcə daha da artır. 8 Noyabr Azərbaycan xalqı üçün belə günlərdən biridir. Bu tarix xalqımızın yaddaşına yalnız qələbə günü kimi deyil, həm də böyük sınaqlardan keçərək öz gücünü nümayiş etdirdiyi gün kimi yazılıb. Vətən müharibəsi Azərbaycan xalqına çox şey öyrətdi. Həmin günlərdə insanlar bir daha anladılar ki, doğma torpaq, müstəqillik və dövlətçilik hər şeydən qiymətlidir. Ölkəmizin müxtəlif bölgələrində yaşayan insanlar eyni məqsəd ətrafında birləşdilər. Hər kəs öz əsgərinə inanır, qələbə xəbərini səbirsizliklə gözləyirdi.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq tariximizin ən mühüm hadisələrindən oldu. Döyüşlər zamanı əsgər və zabitlərimiz böyük çətinliklərə baxmayaraq iradə və cəsarət nümayiş etdirdilər. Noyabrın 8-də Şuşanın azad olunması isə xalqımızın qələbə sevincini daha da artırdı. Bu hadisə Azərbaycan tarixində xüsusi yer tutdu. Zəfərin mənasını yalnız hərbi uğurla izah etmək olmaz. Bu qələbə həm də doğma torpaqlarımıza, milli kimliyimizə və tarixi dəyərlərimizə sahib çıxmağın göstəricisidir. İllərlə öz yurdlarından uzaqda yaşayan insanların doğma evlərinə qayıtmaq arzusu bu tarixi hadisəyə xüsusi məna verir.
Bu gün qələbənin nəticələrini azad edilmiş ərazilərdə görülən işlərdə də görürük. Vaxtilə dağıdılmış kənd və şəhərlər yenidən qurulur, yeni yaşayış binaları, məktəblər, xəstəxanalar və yollar inşa edilir. İnsanların öz torpaqlarında yenidən məskunlaşması, uşaqların doğma yurdlarında təhsil alması gələcəyə olan inamı artırır. Zəfər Günü hər birimizə mühüm bir məsuliyyət də yükləyir. Biz bu tarixi yalnız bayramlarda xatırlamamalı, qazanılmış uğurları qorumaq üçün çalışmalıyıq. Ölkəmizin inkişafına töhfə vermək, gənclərimizi savadlı və vətənpərvər yetişdirmək, milli dəyərlərimizi yaşatmaq hər bir vətəndaşın vəzifəsidir. Unutmamalıyıq ki, bu gün yaşadığımız qürur hissinin arxasında minlərlə insanın zəhməti, əzmi və fədakarlığı dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla anılmalı, qazilərimizə göstərilən diqqət və qayğı davam etdirilməlidir. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik. Arzumuz budur ki, qazanılmış Zəfər ölkəmizə daim inkişaf, xalqımıza firavanlıq, gələcək nəsillərə isə sülh və əmin-amanlıq gətirsin.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal- Ziya Tağızadə























