Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir.
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən birini elm, təhsil və akademik əməkdaşlıq təşkil edir. Uzun illər ərzində formalaşmış dostluq əlaqələri bu sahədə də özünü göstərmiş, hər iki ölkənin ali təhsil müəssisələri və elmi qurumları arasında qarşılıqlı təmasların genişlənməsinə zəmin yaratmışdır. Təhsil sahəsində əməkdaşlıq yalnız bilik və təcrübə mübadiləsi baxımından deyil, həm də gələcək nəsillər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və xalqlarımızın bir-birinə daha da yaxınlaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan və Vyetnamın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir, bir sıra tərəfdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanır. Bu sənədlər universitetlər arasında akademik mübadilənin təşviqinə, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, professor-müəllim heyətinin və tələbələrin qarşılıqlı səfərlərinin təşkilinə imkan yaradır. Belə təşəbbüslər iki ölkənin elmi və intellektual potensialının bir araya gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində beynəlxalq təqaüd və qrant proqramları da mühüm rol oynayır. Vyetnam vətəndaşları Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri üçün mənim sərəncamımla yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər. Bu təşəbbüs Azərbaycan ali təhsil müəssisələrində xarici tələbələrin təhsil almasına dəstək göstərməklə yanaşı, ölkəmizin beynəlxalq humanitar və təhsil əməkdaşlığına verdiyi töhfənin ifadəsidir. Sevindirici haldır ki, Azərbaycan ilə Vyetnam arasında akademik əlaqələr yeni dövrdə yaranmayıb, zəngin tarixi ənənələrə söykənir. Hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda ali və peşə təhsili almış, burada qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltmişlər. Onların bir qismi Vyetnamın müxtəlif iqtisadiyyat və ictimai həyat sahələrində fəaliyyət göstərərək iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermişdir. Bu məzunlar Azərbaycanla Vyetnam arasında formalaşmış elmi, təhsil və insani əlaqələrin canlı təmsilçiləridir.
İki ölkə arasında uzunmüddətli dostluğun və tarixi bağlılığın rəmzi kimi 2025-ci ildə mühüm bir hadisə baş vermişdir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olmuşdur. Bu əlamətdar tədbir Vyetnam xalqının böyük lideri Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etmişdir. Memorial otağın yaradılması Azərbaycan ilə Vyetnam arasında tarixi dostluğa, qarşılıqlı hörmətə və xalqlarımızın ortaq yaddaşına verilən dəyərin ifadəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Vyetnamla elmi və təhsil əlaqələrinin uzun tarixi vardır. Universitetin neft-qaz sahəsində formalaşmış elmi-pedaqoji potensialı vaxtilə Vyetnamdan gələn tələbə və mütəxəssislərin hazırlanmasında mühüm rol oynamışdır. Bu ənənənin müasir dövrdə davam etdirilməsi, yeni ixtisaslar üzrə əməkdaşlığın genişləndirilməsi və müasir texnologiyalar sahəsində birgə elmi araşdırmaların aparılması üçün əlverişli imkanlar mövcuddur. Elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının mühüm dayaqlarından biri olacaqdır. Xüsusilə rəqəmsal texnologiyalar, mühəndislik, energetika, süni intellekt, kənd təsərrüfatı və digər müasir istiqamətlər üzrə birgə proqramların həyata keçirilməsi qarşılıqlı təcrübə mübadiləsini daha da genişləndirəcək, eyni zamanda, gənclər arasında akademik və mədəni əlaqələrin inkişafı uzunmüddətli tərəfdaşlığın ictimai əsaslarını möhkəmləndirəcəkdir.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

























