image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur

image-legitimaz-810x90

Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur

Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın, xüsusilə nəqliyyat və logistika sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır. Hər iki ölkənin əlverişli coğrafi mövqeyi, beynəlxalq ticarət marşrutlarında iştirakı və tranzit potensialı qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm üstünlüklər yaradır. Bu kontekstdə yükdaşımaların həcminin artırılması, nəqliyyat marşrutlarının şaxələndirilməsi və logistika infrastrukturundan səmərəli istifadə ikitərəfli iqtisadi münasibətlərin prioritet istiqamətlərindəndir. Son dövrlərdə Azərbaycan ilə Vyetnam arasında tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olmuşdur. Bu göstərici iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsi üçün mövcud imkanların tədricən reallaşdırıldığını nümayiş etdirir. Eyni zamanda, tranzit daşımalarının artması qarşılıqlı ticarət əlaqələrinin inkişafına və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranmasına müsbət təsir göstərir.

Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mühüm mövqeyi Vyetnam yüklərinin Avropa bazarlarına və əks istiqamətdə daşınması üçün əlverişli imkanlar yaradır. Xüsusilə Orta Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində ölkəmizin infrastruktur potensialından səmərəli istifadə etməklə Vyetnam ilə Avropa arasında yükdaşımaların coğrafiyasını genişləndirmək mümkündür. Bu marşrutlar daşımaların şaxələndirilməsi, alternativ logistika imkanlarının yaradılması və beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Orta Dəhlizin inkişafı Azərbaycanın Şərq ilə Qərb arasında etibarlı tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirir. Müasir liman infrastrukturu, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri ölkəmizin beynəlxalq yükdaşımalar sistemində rəqabət qabiliyyətini artırır. Vyetnamın bu nəqliyyat imkanlarından istifadə etməsi onun Avropa bazarlarına çıxışının şaxələndirilməsinə, Azərbaycan üçün isə əlavə tranzit gəlirlərinin və iqtisadi dəyərin formalaşmasına şərait yaradır. Bununla yanaşı, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də Azərbaycan ilə Vyetnam arasında logistika əməkdaşlığının genişləndirilməsi üçün perspektivli istiqamətlərdən biridir. Bu dəhlizin imkanlarından istifadə etməklə yükdaşımaların səmərəliliyinin artırılması, regional bazarlar arasında əlaqələrin gücləndirilməsi və yeni ticarət marşrutlarının inkişafı mümkündür. Nəqliyyat infrastrukturu sahəsində əlaqələndirmənin gücləndirilməsi hər iki ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir.

Azərbaycan və Vyetnam ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, iqtisadi əməkdaşlığı şaxələndirmək və müxtəlif sahələrdə genişmiqyaslı birgə təşəbbüslər həyata keçirmək üçün kifayət qədər potensiala malikdir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələri bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Mövcud imkanların əlaqələndirilmiş şəkildə reallaşdırılması qarşılıqlı iqtisadi maraqların təmin olunmasına və strateji tərəfdaşlığın praktiki nəticələrlə zənginləşdirilməsinə xidmət edəcəkdir.

 

 

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki