image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-prez-1

Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır

image-legitimaz-810x90

Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır

 

 

Azərbaycan–Vyetnam münasibətlərinin çoxillik tarixində humanitar əməkdaşlıq xalqlarımız arasında dostluğun, qarşılıqlı hörmətin və mənəvi bağlılığın möhkəmləndirilməsində xüsusi yer tutur. Uzun illər ərzində təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslər dövlətlərarası əlaqələrin yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də ictimai və humanitar istiqamətlərdə inkişafına mühüm töhfə vermişdir. Bu əməkdaşlıq xalqlarımızın bir-birinin tarixi, mədəniyyəti və milli dəyərləri ilə daha yaxından tanış olmasına əlverişli şərait yaratmışdır. Humanitar əlaqələrin genişləndirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Fond Vyetnamla mədəni və humanitar münasibətlərin dərinləşdirilməsinə, təhsil imkanlarının genişləndirilməsinə və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. Fondun təşəbbüsləri müxtəlif infrastruktur layihələrini, təhsil proqramlarını və xeyriyyəçilik fəaliyyətini əhatə edir. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi bu fəaliyyətin konkret nümunələrindən biridir. Belə təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin real humanitar layihələr vasitəsilə möhkəmləndirilməsinə xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar və mədəni əlaqələrin inkişafında mühüm hadisə olmuşdur. Səfər çərçivəsində Vyetnamın dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, eləcə də Azərbaycan ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşlər keçirilmişdir. Bu görüşlər iki ölkə arasında mövcud dostluq münasibətlərinin ictimai müstəvidə möhkəmləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşımışdır. Səfər zamanı Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də təhsil sahəsində əməkdaşlığa verilən önəmin göstəricisidir. Bu cür təşəbbüslər Vyetnamda təhsil infrastrukturunun inkişafına, gənclərin bilik və bacarıqlarının artırılmasına, həmçinin iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək nəsillər arasında dostluq münasibətlərinin davamlılığını təmin edən mühüm amildir.

Azərbaycan ilə Vyetnam arasında humanitar əlaqələrin digər mühüm istiqaməti mədəni mübadilədir. Milli mədəniyyətin, incəsənətin, ədəbiyyatın və tarixi irsin qarşılıqlı tanıdılması xalqlarımız arasında mənəvi yaxınlığın güclənməsinə xidmət edir. Mədəniyyət günlərinin, sərgilərin, konsertlərin və digər birgə tədbirlərin təşkili hər iki ölkənin zəngin mədəni irsinin təqdim olunması üçün geniş imkanlar yaradır. Təhsil və elmi əməkdaşlıq da humanitar tərəfdaşlığın gələcək inkişafı baxımından xüsusi perspektivə malikdir. Azərbaycan universitetlərində təhsil almış vyetnamlı məzunlar iki ölkə arasında formalaşmış elmi və akademik əlaqələrin canlı təmsilçiləridir. Onların peşəkar fəaliyyətləri və şəxsi əlaqələri xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, yeni əməkdaşlıq təşəbbüslərinin yaranmasına şərait yaradır. Bu baxımdan tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Humanitar əməkdaşlığın əsas üstünlüyü onun dövlətlərarası münasibətlərə uzunmüddətli və davamlı xarakter verməsidir. Siyasi və iqtisadi əlaqələr dövlətlərin qarşılıqlı maraqlarını ifadə etdiyi halda, humanitar münasibətlər xalqlar arasında etimadı, qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı möhkəmləndirir. Bu səbəbdən təhsil, mədəniyyət, elm və xeyriyyəçilik sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının mühüm istiqamətlərindən biri kimi çıxış edir.

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki